Google və Pentagon arasında gizli AI razılaşması ortaya çıxdı
Süni İntellekt
28.04.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google ölkənin Müdafiə Nazirliyi Pentagon ilə süni intellektin istifadəsini əhatə edən gizli razılaşma imzalayıb. Bu barədə məlumatı The Information yayıb.
Məlumata görə, razılaşma ABŞ hökumətinə Google-un süni intellekt modellərindən “qanuni olan istənilən dövlət məqsədi üçün” istifadə etməyə imkan verir. Bu isə o deməkdir ki, Google bu texnologiyanın konkret hansı əməliyyatlarda istifadə olunacağına nəzarət və ya veto hüququna malik deyil. Razılaşma şirkət daxilində narazılıq fonunda ortaya çıxıb. Bildirilir ki, bəzi Google əməkdaşları CEO Sundar Pichai-yə müraciət edərək, Pentagonla əməkdaşlığın dayandırılmasını tələb ediblər. Onlar AI texnologiyalarının “qeyri-insani və ya zərərli məqsədlər” üçün istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər.
Saziş hələ rəsmi şəkildə təsdiqlənməsə də, iddialara görə, tərəflər süni intellektin daxili kütləvi nəzarət və ya tam avtonom silah sistemlərində istifadəsinə yalnız “insan nəzarəti və müdaxiləsi olduğu halda” icazə verilməsi mövzusunda razılığa gəliblər. Bununla belə, müqavilədə Google-a dövlətin qərarlarına müdaxilə etmək hüququnun verilmədiyi qeyd olunur. Bu isə həmin məhdudiyyətlərin hüquqi baxımdan zəif ola biləcəyini göstərir.
Bu addım Google-u artıq ABŞ hökuməti ilə oxşar gizli AI müqavilələri olan OpenAI və xAI kimi şirkətlərlə eyni sıraya qoyur. Digər tərəfdən, Anthropic isə silah və nəzarət məhdudiyyətlərini aradan qaldırmaqdan imtina etdiyinə görə Pentagon tərəfindən siyahıdan çıxarılıb. Google nümayəndəsi Reuters-ə açıqlamasında bildirib ki, şirkət AI-nin kütləvi nəzarət və ya avtonom silahlarda istifadəsinə qarşıdır və bu texnologiyaların təqdim edilməsi “milli təhlükəsizliyi dəstəkləmək üçün məsuliyyətli yanaşma” hesab olunur.
Paylaş