Google Vids yeniləndi: Avatarları artıq mətnlə idarə etmək olur
Süni İntellekt
03.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google video hazırlama və montaj platforması olan Vids tətbiqinə yeni süni intellekt funksiyaları əlavə edib. Yenilənmə ilə istifadəçilər artıq avatarları mətn vasitəsilə idarə edə, videolar yarada, musiqi əlavə edə və hazır videoları birbaşa YouTube-a göndərə biləcəklər.
Yeni funksiyalardan biri istifadəçilərin avatarların hərəkətlərini sadəcə mətn yazaraq idarə edə bilməsidir. İstifadəçi yazılı komanda vasitəsilə avatarın səhnədə necə davranacağını, məhsulla necə qarşılıqlı əlaqə quracağını və ya hansı mühitdə olacağını təyin edə bilər. Google bildirir ki, avatarlar fərqli səhnələrdə istifadə olunsa belə, onların görünüşü və xarakteri stabil qalır.
Bundan əlavə, istifadəçilər avatarların görünüşünü dəyişə, geyimlərini fərdiləşdirə və video üçün yeni fonlar yarada bilirlər. Bütün bu dəyişikliklər də mətn komandaları ilə həyata keçirilir. Yenilənmə ilə Google-un Veo 3.1 video generasiya modeli də Vids platformasına inteqrasiya olunub. Bu model vasitəsilə istifadəçilər birbaşa video montaj proqramı daxilində 8 saniyəlik AI videolar yarada bilirlər. Google bütün istifadəçilərə ayda 10 pulsuz video generasiyası təqdim edir. Google AI Ultra və Workspace AI Ultra istifadəçiləri isə ayda 1000-ə qədər video yarada bilirlər.
Platformaya əlavə olunan digər yenilik isə videoları birbaşa YouTube-a export etmək imkanıdır. Bu zaman videolar avtomatik olaraq “private” rejimdə yüklənir və istifadəçi videonu yoxladıqdan sonra ictimai edə bilir. Eyni zamanda, Google Vids üçün yeni Chrome genişlənməsi də təqdim edilib. Bu genişlənmə vasitəsilə istifadəçilər ekran yazısı edə, həm səs, həm də video ilə ekran görüntüsü yaza bilirlər.
Paylaş