Google WeatherNext AI modelini açıq mənbəli etdi
Süni İntellekt
07.08.2026
Sevinj
Google DeepMind və Google Research tədqiqatçıları tropik siklonların (regiondan asılı olaraq qasırğa və ya tayfun adlandırılır) daha dəqiq proqnozlaşdırılması üçün hazırladıqları WeatherNext adlı süni intellekt modelini açıq mənbəli elan ediblər. Layihənin kodları və model çəkiləri GitHub-da yayımlanıb ki, dünyanın müxtəlif ölkələrindən olan alimlər və meteoroloqlar da bu texnologiyadan istifadə edə bilsinlər.
WeatherNext layihəsinin hazırlanmasında ABŞ-nin National Hurricane Center, Cooperative Institute for Research in the Atmosphere, Böyük Britaniyanın UK Met Office və digər meteoroloji qurumlar da iştirak ediblər. Modellə bağlı elmi araşdırma Nature jurnalında dərc olunub, Google isə mövzu ilə bağlı ayrıca bloq yazısı da paylaşıb.
Tropik siklonların proqnozlaşdırılması çətin hesab olunur. Çünki fırtınanın hərəkət istiqaməti adətən iri miqyaslı atmosfer modelləri ilə, gücü isə siklonun mərkəzində baş verən prosesləri analiz edən lokal modellərlə müəyyən edilir. WeatherNext isə bu iki prosesi tək bir süni intellekt modeli daxilində birləşdirərək həm qasırğanın trayektoriyasını, həm də gücünü eyni vaxtda proqnozlaşdıra bilir.
Model beynəlxalq meteoroloji məlumat bazalarından toplanmış təxminən 20 terabayt atmosfer məlumatı və tarixi siklon qeydləri əsasında öyrədilib. Google-un sözlərinə görə, WeatherNext bir TPU üzərində 15 günlük proqnozu bir dəqiqədən az müddətdə hazırlaya bilir. Bu da meteoroloqlara təhlükəli ssenariləri daha erkən qiymətləndirmək və mümkün risklərə vaxtında hazırlaşmaq imkanı yaradır.
Qeyd edək ki, Google WeatherNext-in ikinci nəslini ötən il təqdim etmişdi. Şirkət son illərdə süni intellektdən daşqınlar və digər ekstremal hava hadisələrinin proqnozlaşdırılması üçün də istifadə istiqamətində araşdırmalar aparır.
Paylaş
