Kaliforniya AI məlumat mərkəzlərinə əlavə enerji və su xərcini ödətdirəcək
Süni İntellekt
22.09.2026
Kaliforniya qubernatoru Gavin Newsom süni intellekt (AI) məlumat mərkəzlərinin enerji və su xərclərini sakinlərin üzərinə qoymaması üçün 7 qanundan ibarət paketi imzalayıb. Qaydalara görə, iri hesablama mərkəzləri yerli elektrik şəbəkəsinə saldıqları əlavə yükün xərcini özləri ödəyəcək. Su sistemində tələb olunan yenilənmələrin xərci də bura daxildir. Məqsəd sakinlərin kommunal ödənişlərinin artmasının qarşısını almaqdır.
Kaliforniya İctimai Kommunal Xidmətlər Komissiyası məlumat mərkəzləri üçün ayrıca tarif yaradacaq. Yeni layihələr təxmini su sərfiyyatını, enerji səmərəliliyini və quraqlıq dövründə görəcəkləri tədbirləri yerli qurumlara açıqlamalıdır. Daha tez təsdiq almaq istəyən mərkəzlər enerji, su və yanacaq sərfiyyatı ilə bağlı tələbləri yerinə yetirməlidir. Newsom daha əvvəl fövqəladə vəziyyətdə AI sistemlərini dayandıracaq mexanizmin hazırlanmasını sürətləndirən sərəncam da imzalayıb.
Avropa Komissiyası məlumat mərkəzlərinin enerji və su sərfiyyatını vahid reytinq sistemi ilə açıqlaması üçün qaydalar irəli sürüb. Sistem gücü 500 kVt-dan çox olan obyektlərə aid ediləcək. Davamlılıq etiketi məişət cihazları və avtomobillərdəki enerji nişanına bənzəyəcək. Daha sonra bütün Aİ üçün minimum səmərəlilik standartları qoyula bilər.
Aİ rəqəmsal müstəqilliyini gücləndirmək və ABŞ-nin texnologiya şirkətlərindən asılılığını azaltmaq istəyir. Bunun üçün qurum növbəti 7 ildə məlumat mərkəzlərinin gücünü 3 dəfə artırmağı hədəfləyir. Ancaq belə artım elektrik şəbəkələrinə və su ehtiyatlarına yükü, eləcə də karbon emissiyalarını yüksəldə bilər. Məlumat mərkəzləri 2024-cü ildə Aİ-də 68 TVt-saat elektrik enerjisi işlədib. AI üçün hesablama gücünə tələbat artdığına görə bu rəqəmin 2030-cu ildə 114 TVt-saata çatacağı gözlənilir. Bu, Aİ-də ümumi elektrik istehlakının 3 faizindən çoxdur.
Təklif edilən etiket hələlik məlumat mərkəzlərindən ümumi elektrik sərfiyyatını açıqlamağı tələb etmir. Enerji və su istifadəsi üçün yuxarı hədd də qoyulmur. Operatorlar işlətdikləri suyun yerləşdikləri ərazidəki su qıtlığı ilə necə əlaqəli olduğunu göstərməlidirlər. Mərkəzlərin yaratdığı tullantı istiliyinin yenidən işlənərək yerli enerji sisteminə qaytarılıb-qaytarılmadığı da açıqlanacaq. Toplanan məlumatlardan gələcək minimum standartların hazırlanmasında yararlanmaq olar.
Qaydalar qüvvəyə minməzdən əvvəl Avropa Parlamenti və Aİ Şurası üçün 2 aylıq məsləhətləşmə dövrü başlayıb. Etiraz olmazsa, məlumat mərkəzləri davamlılıq etiketlərini gələn ildən dərc edəcək. Beləliklə, Kaliforniya infrastruktur xərclərini məlumat mərkəzlərinin özlərinin ödəməsini istəyir. Aİ isə sərfiyyat göstəricilərini müqayisə edilən formada açıqlamağa, daha sonra minimum tələblər qoymağa hazırlaşır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...