Keçmiş Google əməkdaşları uşaqlar üçün AI əsaslı interaktiv tədris tətbiqi yaradır
Süni İntellekt
22.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, texnologiya nəhəngləri və startaplar uşaqlar üçün generativ süni intellekt əsaslı məhsullar üzərində işləsələr də, bu həllərin böyük hissəsi hələ də mətn və ya səs formatı ilə məhdudlaşır. Keçmiş Google əməkdaşları isə uşaqlar üçün daha interaktiv və cəlbedici yanaşma təqdim etməyi hədəfləyir.
Keçən il Laks Pucari, Lüsi Marşan və Myn Kanq tərəfindən təsis edilən Sparkli adlı startap süni intellektlə işləyən interaktiv tədris tətbiqi hazırlayır. Təsisçilər valideyn olduqları üçün uşaqlarının verdiyi suallara maraqlı və yaşlarına uyğun cavab tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Pucari deyir ki, oğlu maşınların necə işlədiyi və ya yağışın necə yarandığı barədə suallar verəndə, o, bu mövzuları ChatGPT və ya Gemini vasitəsilə izah etməyə çalışıb. Lakin bu yanaşma uşaqlar üçün sadəcə “mətn divarı” effekti yaradıb. Sparkli isə öyrənməni oxumaq yox, təcrübə etmək üzərində qurur.
Tətbiq uşaqlara Marsın keçmişini sadəcə şəkil və ya video ilə göstərmək əvəzinə, həmin mühiti interaktiv şəkildə “yaşamağa” imkan verir. Sparkli təhsil sistemlərində az yer verilən bacarıq dizaynı, maliyyə savadlılığı və sahibkarlıq kimi mövzuları “AI ekspedisiya” formatında təqdim edir. İstifadəçilər hazır mövzular arasından seçim edə və ya öz suallarını verərək fərdi öyrənmə yolunu yarada bilirlər. Hər mövzu audio, video, şəkil, oyun və viktorinalardan ibarət fəsillərlə təqdim olunur. Ən önəmlisi isə, tətbiq uşaqlarda “səhv etdim” qorxusu yaratmayan seçimə əsaslanan macəralar qurur.
Sparkli bütün bu məzmunu real vaxtda generativ süni intellektlə yaradır və istifadəçi sual verdikdən sonra təxminən iki dəqiqəyə tam bir öyrənmə təcrübəsi formalaşdıra bilir.
Paylaş