Logo
    main-post-cover

    Meta heç də bütün superintellekt modellərini açıq mənbəli etməyəcək

         Meta süni intellekt modellərinin, o cümlədən “şəxsi superintellekt” adlandırılan sistemlərin ilkin mənbə kodunun paylaşılması ilə bağlı yanaşmasını dəyişə bilər. Şirkətin baş direktoru Mark Zuckerberg-in sözlərinə görə, bütün layihələr açıq mənbə kodu ilə təqdim olunmayacaq, çünki bu, təhlükəsizlik baxımından risklidir. “Biz inanırıq ki, superintellektin üstünlükləri mümkün qədər geniş şəkildə dünya ilə paylaşılmalıdır, lakin superintellekt təhlükəsizlik baxımından yeni suallar doğurur. Bu problemlər diqqətlə nəzarətdə saxlanmalı və açıq mənbə koduna ehtiyatla yanaşılmalıdır” - deyə Zuckerberg məktubunda bildirib. Bu bəyanat Meta-nın əvvəlki strategiyasının dəyişə biləcəyini göstərir.
         Halbuki şirkət daha öncə Llama modellərinin açıq mənbə kodunu rəqibləri - məsələn, ChatGPT Google DeepMind - qarşısında əsas üstünlük kimi təqdim edirdi. Bununla belə, Zuckerberg etiraf edib ki, süni intellektdən qaynaqlanan yeni təhlükələr yarandığı halda açıq formatdan imtina etməyə hazırdır. “Əgər model keyfiyyətcə yeni imkanlara sahib olsa və biz qərara gəlsək ki, onu açıq şəkildə paylaşmaq məsuliyyətsiz olar, o zaman bunu etməyəcəyik” - deyə o, ötən il bildirmişdi. Hələ 2024-cü ildə Zuckerberg bəyan etmişdi: “Gələn ildən etibarən biz gözləyirik ki, Llama modelləri sənayedə ən mükəmməl modellərə çevriləcək”. Bu modellər açıq mənbə proqram təminatının üstünlüklərini nümayiş etdirməli idi.
         Lakin Llama-nın sonuncu açıq versiyası olan Behemoth-un test prosesi yaxın vaxtlarda dayandırılıb və əvəzində qapalı modelin hazırlanmasına start verilib. Meta süni intellekt sahəsinə fəal şəkildə investisiya yatırır. Yalnız keçən ay şirkət Scale AI-a 14.3 milyard dollar investisiya qoyub. Scale şirkətinin təsisçisi və baş direktoru Meta-da işə keçib, şirkətin strukturu daxilində isə superintellektə cavabdeh olan Meta Superintelligence Labs adlı yeni bölmə yaradılıb. Meta ən aparıcı süni intellekt şirkətlərindən tanınmış tərtibatçıları və mütəxəssisləri cəlb etmək və məlumat mərkəzləri qurmaq üçün milyardlarla dollar xərcləyib. Görünür, bundan sonra Meta-nın açıq və qapalı modellərə yanaşması daha balanslı olacaq - hər iki növdə modellər istifadəyə veriləcək. Meta nümayəndəsi bildirib: “Gələcəkdə həm açıq, həm də qapalı modellərin birgə istifadəsi ilə işləməyi planlaşdırırıq”.
    Paylaş