Nano Banana Google Messages-ə gəlir
Süni İntellekt
21.11.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Android istifadəçiləri Google Messages tətbiqində güclü süni intellekt funksiyalarına çıxış əldə edir. Google ötən həftə yeni Pixel yeniləmələrini təqdim edərkən ən çox diqqətçəkən yeniliklərdən biri də Nano Banana adlı AI şəkil generatorunun Messages tətbiqinə inteqrasiyası oldu.
Bu həftədən etibarən Remix bütün Pixel cihazlarına göndərilir və yaxın zamanda bütün Android istifadəçiləri üçün də əlçatan olacaq. İstifadəçilər sadəcə olaraq Messages-dəki istənilən fotonun üzərində “Remix” düyməsinə toxunaraq açılan xanaya istədikləri təsviri yazırlar. Google həmçinin istifadəçilərə “mini fiqur yarat”, “şəkli film effekti ilə et” kimi bir neçə hazır təklif də göstərir. Ardınca işi Nano Banana görür və şəkli avtomatik olaraq yaradır. Google-un məlumatına görə, hər istifadəçi üçün gündəlik şəkil yaratma limiti də mövcuddur.
Remix xüsusiyyəti Google Messages-i təkcə mesajlaşma tətbiqi olmaqdan çıxarıb yaradıcılıq platformasına çevirir. Bu funksiyanın memelərdən tutmuş müxtəlif viral şəkillərə qədər geniş istifadə ediləcəyi gözlənilir.
Paylaş