OpenAI 100 dollarlıq yeni ChatGPT Pro paketini təqdim etdi
Süni İntellekt
13.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI yeni 100 dollarlıq ChatGPT Pro planını təqdim edib və bu addımla birbaşa Anthropic-in 100 dollarlıq Claude Max abunəliyinə rəqib olmağı hədəfləyir. Şirkətin 9 aprel tarixində elan etdiyi yeni paket mövcud 20 dollarlıq Plus və 200 dollarlıq Pro paketləri arasında yerləşdirilib.
Yeni plan istifadəçilərə Plus paketlə müqayisədə 5 dəfə daha çox Codex istifadə limiti təqdim edir. Bundan əlavə, 31 may 2026-cı ilə qədər davam edəcək kampaniya çərçivəsində bu limit müvəqqəti olaraq 10 dəfəyə yüksəldilib. OpenAI bildirib ki, bu addım xüsusilə proqramçılar və Codex-dən intensiv istifadə edən peşəkar istifadəçilər üçün nəzərdə tutulub.
Şirkətin sözlərinə görə, son aylarda Codex platformasının populyarlığı kəskin artıb və hazırda həftəlik aktiv istifadəçi sayı 3 milyonu keçib. Bu göstərici son 3 ayda 5 dəfə artım deməkdir. Artan tələbat səbəbilə OpenAI daha yüksək limitli, lakin 200 dollarlıq paketdən daha münasib qiymətli yeni seçim yaratmağa qərar verib.
Maraqlısı budur ki, 100 dollarlıq yeni plan funksional baxımdan 200 dollarlıq Pro paket ilə eyni model imkanlarını təqdim edir. Buraya GPT-5.4 Pro, GPT-5.4 Instant, GPT-5.4 Thinking və digər premium funksiyalar daxildir. Əsas fərq yalnız istifadə limitindədir. 200 dollarlıq paket Plus-dan 20 dəfə çox Codex limiti təqdim etdiyi halda, yeni 100 dollarlıq versiya bunu 5 dəfə ilə məhdudlaşdırır.
Paylaş