OpenAI 2026-da korporativ müştərilər üçün ciddi hücuma keçir
Süni İntellekt
23.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI korporativ müştərilərdən gələn gəlirlərini artırmaq üçün rəhbərlik strukturunda dəyişiklik edib və bu istiqamətə tanınmış bir adı gətirib. Şirkət Barret Zoph-u müəssisələrə AI məhsullarının satışına rəhbərlik etmək üçün təyin edib. Bu barədə daxili şirkət memorandumu əsasında The Information məlumat verib.
TechCrunch OpenAI-dan təsdiq almağa çalışsa da, əlavə açıqlama verilməyib. Zoph ötən həftə OpenAI-a geri dönüb. O, daha əvvəl Thinking Machine Labs-də həmtəsisçi və texnologiya direktoru kimi çalışırdı. Bu startap OpenAI-ın keçmiş həmtəsisçisi Mira Murati tərəfindən yaradılıb.
Zoph-un şirkətdən ayrılmasının dəqiq səbəbi açıqlanmasa da, onun geri qayıdışının əvvəlcədən planlaşdırılmış ola biləcəyi barədə şayiələr dolaşır. Daha əvvəl o, OpenAI-da post-training inference üzrə vitse-prezident vəzifəsini icra edib.
OpenAI 2023-cü ildə korporativ istifadəçilər üçün ChatGPT Enterprise məhsulunu təqdim edib və şirkətə görə hazırda bu platformadan 5 milyondan çox biznes istifadəçisi yararlanır. Müştərilər arasında SoftBank, Target və Loewe kimi şirkətlər var.
Buna baxmayaraq, OpenAI-ın bazar payı azalır. Vençur kapital fondu Menlo Ventures-in hesabatına görə, Anthropic müəssisə LLM bazarında 40 % payla liderdir. Google-un Gemini platforması isə stabil şəkildə artaraq 21 % paya çatıb. OpenAI-ın bazar payı isə 2023-də 50 % olduğu halda, 2025-in sonunda 27 %-ə düşüb.
OpenAI CEO-su Sam Altman da daxili memorandumlardan birində Google Gemini-nin sürətli artımından narahatlığını ifadə edib. Şirkətin maliyyə direktoru Sarah Friar isə 2026-da korporativ seqmentin əsas prioritet olacağını bildirib.
Paylaş