Logo
    main-post-cover

    OpenAI-da məhsul siyasəti üzrə vitse-prezident işdən azad edilib

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI şirkətində yüksək vəzifəli rəhbərin işdən çıxarılması ilə bağlı yeni iddialar ortaya çıxıb. Wall Street Journal-ın yaydığı məlumata görə, şirkətin məhsul siyasəti üzrə vitse-prezidenti vəzifəsində çalışmış Ryan Beiermeister yanvar ayında işdən azad edilib.
    ChatGPT logo
        İddialara əsasən, Beiermeister bir kişi həmkarının ona qarşı cinsi ayrı-seçkilik ittihamı irəli sürməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Lakin o, bu ittihamları qəti şəkildə rədd edib və bildirib ki, hər hansı bir şəxsə qarşı ayrı-seçkilik etməsi barədə deyilənlər tamamilə əsassızdır. Məlumatda qeyd olunur ki, Beiermeister-in işdən çıxarılması onun şirkət daxilində planlaşdırılan yeni “adult mode” funksiyasına qarşı tənqidi mövqeyindən sonra baş verib. Bu yeni rejimin ChatGPT platformasında erotik məzmunun istifadəsini mümkün edəcəyi bildirilir.
        OpenAI-da tətbiqlər üzrə baş direktor vəzifəsini icra edən Fidji Simo jurnalistlərə açıqlamasında bildirib ki, “adult mode” funksiyasının bu ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Şirkət daxilində bəzi əməkdaşların isə bu funksiyanın istifadəçilərə, xüsusilə həssas auditoriyaya potensial təsirləri ilə bağlı narahatlıq keçirdiyi vurğulanır. OpenAI isə rəsmi açıqlamasında Beiermeister-in şirkətə dəyərli töhfələr verdiyini qeyd edib və onun işdən ayrılmasının iş zamanı qaldırdığı məsələlərlə əlaqəli olmadığını bildirib.
        Beiermeister-in LinkedIn profilinə əsasən, o, daha əvvəl 4 il Meta şirkətində məhsul komandasında çalışıb, həmçinin 7 ildən çox Palantir Technologies şirkətində fəaliyyət göstərib.
    Paylaş