Logo
    main-post-cover

    OpenAI Pentaqon üçün hərbi süni zəka hazırlayacaq

    Süni İntellekt
    18.06.2025
    Emil
         OpenAI ABŞ Müdafiə Nazirliyi ilə süni zəkanın dövlət qurumlarında tətbiqinə yönəlmiş yeni “OpenAI hökumət üçün” proqramı çərçivəsində 200 milyon dollar dəyərində müqavilə imzalayıb. Hazırda konkret olaraq hansı sahələrdə iş aparılacağı dəqiq bilinmir, lakin sənədlərdə milli təhlükəsizlik sahəsində - kibertəhlükəsizlikdən hərbi qulluqçulara dəstəyə qədər - süni zəka həllərinin prototiplərinin yaradılmasından bəhs olunur. OpenAI vurğulayır ki, bütün bu işlər şirkətin daxili qaydalarına uyğun şəkildə həyata keçiriləcək və heç bir halda silah hazırlanmasında istifadə olunmayacaq. Bununla belə, Pentaqonun sənədlərində qeyd olunur ki, OpenAI döyüş əməliyyatları sahəsindəki məsələlərin həllində də iştirak edəcək. 16 iyun tarixində ABŞ Müdafiə Nazirliyinin gündəlik yeni müqavilələr hesabatında OpenAI ilə bağlanmış razılaşma haqqında məlumat yer alıb.
         Sənəddə 200 milyon dollara qədər potensial müqavilədən bəhs olunur. OpenAI ilkin olaraq 2 milyon dollar alacaq, qalan vəsait isə müqavilənin yerinə yetirilməsi prosesində mərhələli şəkildə ödəniləcək. Bu müqaviləyə əsasən, OpenAI süni zəka sahəsində qabaqcıl həllərin prototiplərini hazırlayacaq. Bu həllərin məqsədi döyüş meydanında və ümumi idarəetmə sistemləri çərçivəsində milli təhlükəsizlik üçün kritik əhəmiyyət daşıyan məsələlərin həllinə yönəlməkdir. OpenAI bu razılaşma ilə bağlı Müdafiə Nazirliyi ilə əməkdaşlığını öz veb saytında paylaşdığı yazıda elan edib və burada “OpenAI hökumət üçün” adlı daha genişmiqyaslı proqramın başladığını da açıqlayıb. Adından da göründüyü kimi, bu təşəbbüs OpenAI texnologiyalarının ABŞ dövlət qurumlarında tətbiqinə yönəlib. Həmin paylaşımda müdafiə müqaviləsi də qeyd olunur. Bildirilir ki, bu müqavilə qabaqcıl süni zəkanın Müdafiə Nazirliyinin fəaliyyətinin müxtəlif aspektlərini təkmilləşdirmək qabiliyyətini praktikada anlamağa kömək edəcək.
         Konkret nəticələr arasında hərbi qulluqçulara tibbi yardımın göstərilməsində dəstək və kibertəhlükəsizliyin yaxşılaşdırılması yer alır. Bununla yanaşı, Pentaqon sənədlərində OpenAI-nin döyüş əməliyyatları sahəsindəki məsələlər üzərində də işləyəcəyi açıq şəkildə qeyd olunur. OpenAI isə öz açıqlamasında “döyüş əməliyyatları” ifadəsindən yayınır və diqqəti onun texnologiyalarının yalnız “OpenAI-nin siyasəti və qaydalarına uyğun şəkildə” istifadə olunmalı olduğuna yönəldir. Bu qaydalar xüsusilə süni zəkanın silah hazırlanması üçün istifadə edilməsini qadağan edir. Əvvəllər OpenAI-nin siyasəti daha sərt idi: O, süni zəkanın “hərbi məqsədlər və döyüş əməliyyatları” üçün istənilən istifadəsini tamamilə qadağan edirdi. Lakin ötən ilin yanvarında bu ifadə daha mülayim vəziyyətə dəyişdirildi: “Xidmətimizi özünüzə və ya başqalarına zərər vermək üçün istifadə etməyin”.
         Bu müqavilənin imzalanması, OpenAI-nin məhsullar üzrə direktoru Kevin Weil və keçmiş tədqiqat direktoru Bob McGrew-nun ABŞ Ordusunun ehtiyat qüvvələrində rəsmi şəkildə podpolkovnik rütbəsi almasının bir neçə gün sonrasına təsadüf edir. Eyni addımı Palantir Meta şirkətlərinin texniki direktorları da atıblar. Onlar yeni yaradılmış “Detachment 201: Executive Innovation Corps”a qoşulublar. Bu qrup Pentaqonu süni zəkanın hərbi sahədə tətbiqi məsələlərində məsləhətləndirir. OpenAI əvvəllər də hərbi sahədə əməkdaşlıq etmişdi, məsələn, Anduril şirkəti ilə. Bu müdafiə firmasını Oculus-un yaradıcısı Palmer Luckey qurub. O, yayılan məlumatlara görə, siyasi fikir ayrılığı səbəbilə Meta-dan uzaqlaşdırıldıqdan sonra bu şirkəti təsis edib. Bu arada, ötən ay Meta və Anduril yeni bir hərbi layihə üçün yenidən əməkdaşlığa başlayıblar. Bu əməkdaşlığın məqsədi döyüş meydanında əsgərlər üçün artırılmış reallıq texnologiyası hazırlamaqdır. Bu layihədən əvvəl Microsoft oxşar bir proqramdan imtina etmişdi.
    Paylaş