Logo
    main-post-cover

    OpenAI səhiyyə sahəsində yeni addım atdı

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik Torch startapını satın aldığını açıqlayıb. Şirkət satınalmanın məbləğini rəsmi olaraq paylaşmasa da, The Information nəşrinə danışan mənbənin iddiasına görə, OpenAI bu razılaşma üçün təxminən 100 milyon dollar dəyərində səhmlər ödəyib. Torch-un cəmi dörd nəfərdən ibarət komandası da OpenAI-a qoşulacaq.
          Torch üzərində çalışdığı tətbiqlə bir şəxsin bütün tibbi məlumatlarını, həkim müayinələri, laborator analizlər, ağıllı geyinilə bilən cihazlar və digər sağlamlıq platformalarından gələn dataları bir mərkəzdə birləşdirməyi hədəfləyirdi. Komanda bu texnologiyanı “AI üçün tibbi yaddaş” adlandırır və parçalanmış səhiyyə məlumatlarını vahid kontekst mühərrikinə çevirməyi planlayırdı.
          Torch-un qurucuları daha əvvəl süni intellektlə işləyən klinikaları ilə tanınan Forward Health şirkətində birgə çalışıblar. Torch-un həmtəsisçisi İlya Abızov X platformasında paylaşdığı postda bunu təsdiqləyib. Qeyd edək ki, Forward Health 400 milyon dollardan çox investisiya cəlb etməsinə baxmayaraq, 2024-cü ilin sonunda fəaliyyətini dayandırmışdı.
          Bu satınalma klassik “acqui-hire” modeli kimi qiymətləndirilir. Torch-un komandası və texnologiyası OpenAI-ın yeni elan etdiyi ChatGPT Health xidmətinin tərkib hissəsi olacaq. Bu xidmət istifadəçilərə ChatGPT vasitəsilə sağlamlıq məlumatlarını analiz etmək və idarə etmək imkanı yaradacaq.
    Paylaş