Pentaqon müqaviləsi DeepMind əməkdaşlarını həmkarlar ittifaqına yönəltdi
Süni İntellekt
05.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google-un Böyük Britaniyada yerləşən süni intellekt bölməsi DeepMind-in əməkdaşları həmkarlar ittifaqı yaratmaq üçün səs veriblər. The Guardian nəşrinin məlumatına görə, əməkdaşlar rəhbərliyə məktub göndərərək Communication Workers Union və Unite the Union təşkilatlarının onların rəsmi nümayəndəsi kimi tanınmasını tələb ediblər. Səsvermə aprel ayında baş tutub və bu qərarın əsas səbəblərindən biri Google-un ABŞ Müdafiə Nazirliyi ilə mümkün əməkdaşlığı olub.
Pentagon ötən həftə bir neçə aparıcı süni intellekt şirkəti, o cümlədən Google ilə müqavilə imzaladığını açıqlayıb. Bu razılaşmalar Müdafiə Nazirliyinə həmin texnologiyalardan “qanuni məqsədlər üçün” istifadə imkanı verir. Məlumatlara görə, bu texnologiyaların daxili kütləvi nəzarət və ya tam avtonom silah sistemlərində istifadəsi müəyyən məhdudiyyətlərə tabedir, lakin şirkətlərin bu istifadə üzərində veto hüququ yoxdur.
DeepMind əməkdaşları bildiriblər ki, onların hazırladığı texnologiyaların hərbi məqsədlərlə istifadə olunması ciddi etik suallar yaradır. Bəzi işçilər həmçinin bu alətlərin Israel Defense Forces tərəfindən istifadə oluna biləcəyindən narahat olduqlarını qeyd ediblər. Qeyd edək ki, Google daha əvvəl İsrail hökuməti ilə 1,2 milyard dollarlıq bulud texnologiyaları müqaviləsi də imzalayıb.
Əməkdaşların əsas tələbləri arasında insanlara zərər verə biləcək texnologiyaların hazırlanmasından imtina, müstəqil etik nəzarət mexanizminin yaradılması və işçilərə etik səbəblərlə müəyyən layihələrdə iştirakdan imtina hüququnun verilməsi yer alır.
Paylaş