main-post-cover

    Yer kürəsinə yaxın ulduz ətrafında həyat üçün münbit şəraitə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

    Süni İntellekt
    05.02.2023
    Emil Nəcəfov
        Müasir astronomik alətlər Yer kürəsi ölçüsündə olan ekzoplanetlərin kütləvi şəkildə kəşf edilməsi üçün yetəri qədər həssaslığa sahib deyillər. Buna görə də kəşf edilmiş 5200 ədəd ekzoplanet arasında Yer kürəsinə bənzəyən planetlərin sayı 1.5%-dən azdır Potensial olaraq həyat növünün yarana biləcəyi planetlərin sayı isə qat-qat azdır. Buna görə də həyat üçün münbit şəraitə sahib ola biləcək və Yer kürəsinə oxşar planetlərin kəşf edilməsi çox qiymətlidir. Bir neçə müddət bundan öncə isə alimlər bu cür yeni ekzoplanet kəşf ediblər. Belə ki, alimlər planetimizdən 31 işıq ili uzaqlığında yerləşən Wolf 1069 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında Yer kürəsinə bənzəyən planetin mövcudluğunu sübut edən məlumatlar əldə ediblər. Planet tranzit üsulu vasitəsilə aşkar edilib.
        Belə ki, planet öz orbiti üzrə hərəkət zamanı ulduzunun diski qarşısından keçən zaman ulduzun parlaqlıq səviyyəsi aşağı düşür. Bununla da ulduz sistemində böyük ölçülü kosmik obyektin olduğu təyin edilir. Alimlər kəşf edilmiş yeni ekzoplanetə Wolf 1069b adını veriblər. Sözügedən planetin kütləsi Yer kürəsinin kütləsindən 1.26 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Wolf 1069 ulduzunun parlaqlıq səviyyəsi hər 15.6 sutkadan bir aşağı düşür. Bu isə o deməkdir ki, Wolf 1069b onun ətrafında tam dövrü məhz 15.6 sutkaya reallaşdırır. Burdan da alimlər belə qənaətə gəliblər ki, yeni ekzoplanet öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə hərəkət edir.
        Alimlərin hesablamalarına əsasən Wolf 1069b öz ulduzundan Yer kürəsinin Günəşdən aldığı enerjidən 35% daha az enerji alır. Bununla yanaşı məlumatlar onu göstərirlər ki, ekzoplanetin bir tərəfi daimi şəkildə öz ulduzuna tərəf istiqamətlənib. Hətta bu halda da planetin işıqlı tərəfində temperatur göstəricisi -23 dərəcə Selsi təşkil edir. Lakin əgər bu ekzoplanet atmosferə sahibdirsə, parnik effekti hesabına onun temperaturu 13 dərəcə Selsi göstəriciyə çata bilər. Bu isə öz növbəsində ekzoplanetin daimi şəkildə Wolf 1069 ulduzuna tərəf istiqamətləndmiş hissəsində suyun maye şəklində mövcud olmasına şərait yarada bilər. Bu isə o deməkdir ki, Wolf 1069b potensial olaraq müəyyən həyat növünün yaranması üçün münbit şəraitə sahib ola bilər.
    Linki kopyala