Logo
    NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub

    NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub

        Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün ərizələrin qəbulu davam edir. Təşkilat Komitəsinin məlumatına görə, müsabiqəyə artıq 150-dən çox layihə təqdim olunub. Ərizələr 23 noyabr 2026-cı ilədək qəbul edilir.
      İştirakçılar üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat haqqını müsabiqənin tərəfdaşı MSolution | Chewick qarşılayır.

        NETTY 2026-nın yeddi əsas nominasiyası

    • Elektron dövlət və rəqəmsallaşdırma
    • Rəqəmsal iqtisadiyyat, biznes və fintex
    • Texnoloji innovasiyalar və süni intellekt
    • Elm, təhsil və rəqəmsal savadlılıq
    • Media, mədəniyyət və rəqəmsal kontent
    • Səhiyyə, idman, həyat tərzi və turizm
    • Cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf
        Yeddi əsas nominasiyanın hər birində müsabiqə üç istiqamət üzrə keçirilir — veb-saytlar, tətbiqlər və sosial şəbəkə səhifələri. Ekspert Şurası hər istiqamət üzrə üç layihəni nominant kimi seçir. NETTY Akademiyası isə həmin üç layihə arasından qalibi müəyyənləşdirir.
        Beləliklə, hər nominasiyada doqquz nominant və üç qalib olur. Mükafatlar ən yaxşı veb-sayta, ən yaxşı tətbiqə və sosial şəbəkədə ən yaxşı səhifəyə verilir.
       Layihələr üç meyar üzrə qiymətləndirilir — ideya, məzmun və icra.
       NETTY Azərbaycanın ilk internet mükafatıdır. 2004-cü ildə təsis edilən mükafat 20 ildən artıqdır ki, rəqəmsal layihələrin müəlliflərinə öz işlərini geniş auditoriyaya və sahə üzrə ekspertlərə təqdim etmək imkanı yaradır.
       Hazırda müsabiqədə iştirak edən layihələrin təxminən 75%-i veb-saytlardır. Qalan layihələr tətbiqlər və sosial şəbəkə səhifələri arasında təxminən bərabər bölünür. Ən çox layihə “Rəqəmsal iqtisadiyyat, biznes və fintex” nominasiyasında, ən az layihə isə hələlik “Elektron dövlət və rəqəmsallaşdırma” nominasiyasında təqdim olunub.

        Müsabiqənin mərhələləri

        Ərizələr netty.az saytında 23 noyabradək qəbul olunur. 24 noyabr – 4 dekabr tarixlərində Ekspert Şurası və Virtual Münsiflər Heyəti nominantları müəyyənləşdirəcək. 5–15 dekabr tarixlərində isə NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək.
        Mükafatlandırma mərasiminin 16–18 dekabr tarixləri aralığında keçirilməsi planlaşdırılır. Bütün nominantlar mərasimə dəvət olunacaq. Tədbirdə qaliblər rəsmi elan ediləcək, nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim olunacaq. Müsabiqənin tərəfdaşları da hədiyyələr hazırlayacaqlar.

        Müsabiqədə və seçimdə kimlər iştirak edir

        İştirakçılar — veb-saytlarını, tətbiqlərini və ya sosial şəbəkə səhifələrini mükafatın saytında qeydiyyatdan keçirən təşkilatlar, komandalar və müstəqil müəlliflərdir.
       Virtual Münsiflər Heyəti internet istifadəçilərindən formalaşır. İstifadəçilər mükafatın saytında qeydiyyatdan keçərək səsverməyə qoşula bilərlər. Səsvermənin nəticələrinə əsasən, bütün iştirakçılar arasından ayrıca “Virtual münsiflər heyətinin seçimi” mükafatı üzrə üç nominant müəyyənləşdirilir.
       Ekspert Şurası Təşkilat Komitəsinin fərdi dəvətləri əsasında formalaşır. Şuraya dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və digər sahələr üzrə mütəxəssislər daxildir. Ekspert Şurası yeddi əsas nominasiyanın hər istiqaməti üzrə nominantların siyahısını hazırlayır.
       NETTY Akademiyası Azərbaycanın ictimai, dövlət və işgüzar dairələrinin nümayəndələrini bir araya gətirir. Akademiya səsvermənin nəticələrinə əsasən mükafatın qaliblərini müəyyənləşdirir.

      NETTY 2026-nın tərəfdaşları

      Rəsmi tərəfdaşlar — AZINTELECOM, Bolt for Business.
      Tərəfdaşlar — MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.
     İştirak və əməkdaşlıqla bağlı suallarınızı [email protected] ünvanına göndərə bilərsiniz.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...