3 milyon qallon su sızdıran Bitcoin hasilatı mərkəzi yararsız sayıldı
Tech-Biznes
06.09.2026
Oklahomanın El Reno şəhərində “Bitcoin” hasilatı üçün işlədilən məlumat mərkəzi 3 milyon qallon su sızmasından sonra istifadəyə yararsız elan edilib. Hadisə ötən həftə şəhərdə məktəblərin, müəssisələrin, eləcə də şəhər və dairə idarələrinin bağlanmasına səbəb olub. Obyekt “Athlon Blockchain LLC” şirkətinə məxsusdur. Sızmanın yeri müəyyən edildikdən sonra şəhər xidmətləri problemi aradan qaldırmağa başlayıb.
Məlumata görə, məlumat mərkəzi 2023-cü ildə verilmiş işlərin dayandırılması əmrinə baxmayaraq fəaliyyətini davam etdirib. El Reno rəhbərliyi çoxsaylı yanğın və insan təhlükəsizliyi qaydalarının pozulması səbəbindən bu qərarı vermişdi. Obyekt üçün daha əvvəl alınmış tikinti və elektrik icazələrinin də müddəti bitmişdi. Əmrə əsasən, təhlükəsizlik tələbləri yerinə yetirilənədək tikinti işləri dayandırılmalı idi.
Əmlak sahibinə həmin ilin sonunadək pozuntuları aradan qaldırmaq və yeni icazələr almaq üçün vaxt verilmişdi. Lakin şəhər rəsmilərinin fikrincə, obyekti quran şirkət əlavə razılıq almadan məlumat mərkəzini qurub və işə salıb. Mərkəzdəki avadanlıqlar bir neçə yük konteynerində yerləşdirilmişdi. Hadisədən sonra obyektin istifadəsi rəsmən qadağan edilib.
Şəhər rəhbərliyi su sızması ilə bağlı xərclərin sakinlərdən tutulmayacağını bildirib. El Reno bütün məsrəfləri obyekt sahibindən geri almaq üçün hüquqi addımlar atmağa hazırlaşır. Bu tələbə sızmanın tapılması və aradan qaldırılması zamanı sərf olunan bütün şəhər resurslarının xərcləri də daxil ediləcək. Yerli hakimiyyət gələcəkdə belə obyektlərin qaydalara və icazə şərtlərinə uyğunluğunu mütəmadi yoxlamağı planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...