Google-un nəhəng data mərkəzi layihəsi araşdırılır
Tech-Biznes
05.10.2026
“Google” şirkətinin Finlandiyanın Muhos şəhəri yaxınlığında qurmaq istədiyi yeni data mərkəzi layihəsi araşdırılır. Buna səbəb 300 hektardan çox meşə sahəsi təmizləndikdən sonra işlərin qanuna uyğun aparılıb-aparılmadığı ilə bağlı sualların yaranmasıdır. Yerli operator “Tuike Finland” ağacları layihənin ətraf mühitə təsirini qiymətləndirmədən kəsməkdə ittiham olunur. Söhbət təxminən 420 futbol meydançası böyüklüyündə ərazidən gedir. İddiaya görə, tikinti sahəsində qazıntılar da dövlət qurumunun razılığı alınmadan başlayıb.
Muhosdakı tikinti “Google” şirkətinin Finlandiyada genişlənmə planının bir hissəsidir. Şirkət qarşıdakı 2 ildə ölkəyə 13 milyard avro (təxminən 24,72 milyard manat), yəni təxminən 15 milyard dollar (25,5 milyard manat) sərmayə yatırmağı planlaşdırır. “Google” şirkətinin Hamina şəhərində artıq işləyən data mərkəzi var. Digər obyektlərin Muhosla yanaşı, Kajaani və Vaala şəhərlərində qurulması planlaşdırılır. Muhosun əhalisi 9000 nəfərdən azdır.
Finlandiya sərin iqliminə, sabit və nisbətən ucuz elektrik enerjisinə görə data mərkəzləri üçün əlverişli ölkə sayılır. Elektrik enerjisinin böyük hissəsi nüvə, külək və su elektrik stansiyalarında istehsal olunur. İqtisadi artımın zəiflədiyi və işsizliyin rekord həddə çatdığı bir vaxtda ölkə data mərkəzlərini yeni sərmayə mənbəyi kimi görür. “Microsoft” və “TikTok” da Finlandiyada belə obyektlər üçün məkan seçib.
Ancaq yerli sakinlər bu layihələrin təbiətə, elektrik təchizatının sabitliyinə və qiymətlərə təsirindən narahatdırlar. Finlandiya Təbiəti Mühafizə Assosiasiyasının idarə heyətinin sədri Hanna Halmeenpaa qanunlara əməl olunub-olunmadığı aydınlaşana qədər Muhosdakı işlərin dayandırılmasını istəyib. Onun sözlərinə görə, qorunan bəzi təbiət ərazilərində də ağaclar kəsilib. Halmeenpaa işlərin dayandırılması üçün mühafizə qurumuna müraciət edib.
“Google” meşənin vaxtından əvvəl məhv edilməsi ilə bağlı iddianı rədd edir. Şirkətin açıqlamasına görə, ağacların kəsilməsi Finlandiyanın Meşə Qanununa uyğun aparılıb. “Google” həmçinin təbiət baxımından xüsusi əhəmiyyət daşıyan ərazilərin meşə işləri zamanı qorunduğunu deyib. Hazırda Muhos yaxınlığındakı hazırlıq və tikinti işlərinin dayandırılması barədə məlumat yoxdur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...