Logo
    ABŞ Google üçün atom stansiyasının bərpasına 1,9 milyard dollar ayırdı

    ABŞ Google üçün atom stansiyasının bərpasına 1,9 milyard dollar ayırdı

    Tech-Biznes
    09.09.2026
        ABŞ Energetika Nazirliyi Ayova ştatında yerləşən və hazırda işləməyən “Duane Arnold Energy Center” atom elektrik stansiyasının yenidən açılması üçün 1,9 milyard dollar (təxminən 3,23 milyard manat) kredit ayırıb. Krediti stansiyanın sahibi “NextEra Energy” alıb. Burada istehsal olunacaq elektrik enerjisini çoxillik müqavilə əsasında “Google” alacaq. Enerji şirkətin Ayovadakı bulud xidmətləri və süni intellekt (AI) sistemləri üçün məlumat mərkəzlərinə yönəldiləcək.
    ABŞ Google üçün atom stansiyasının bərpasına 1,9 milyard dollar ayırdı
        “NextEra Energy” stansiyanı 2029-cu ilin əvvəlində yenidən elektrik şəbəkəsinə qoşmağı planlaşdırır. 615 meqavat gücə malik stansiya fasiləsiz elektrik enerjisi istehsal edəcək. Bu göstərici 500 min evin enerji tələbatına bərabərdir. Gücün yalnız 50 meqavatı yerli elektrik kooperativinə ayrılacaq. Bu həcm Ayovada 2021-ci ildən bəri yaranmış əlavə tələbatın 18 faizini qarşılaya bilər.
        Stansiya 45 ildən çox işlədikdən sonra 2020-ci ildə bağlanıb. 10 avqustda baş verən güclü fırtına zamanı küləyin sürəti saatda 140 milə, yəni təxminən 225 km-ə çatıb və soyutma qüllələri zədələnib. Nəticədə stansiya planlaşdırılandan bir neçə ay əvvəl fəaliyyətini dayandırıb. Təbii qazın ucuz olması səbəbindən operator təmirə başlamaq əvəzinə obyekti fəaliyyətsiz vəziyyətdə saxlamağa qərar verib. Bərpa nəticəsində əlavə 14 meqavat güc əldə olunacaq və ümumi göstərici 615 meqavata çatacaq.
        “Google” operatorla razılaşdığını ötən ilin oktyabrında açıqlamışdı. Uzunmüddətli enerji alışı stansiyanın təmiri və elektrik istehsalı xərclərinin maliyyələşdirilməsinə imkan verəcək. Şirkət, həmçinin 2 il ərzində Ayovada yeni və genişləndirilən bulud və AI infrastrukturu üçün əlavə 7 milyard dollar (təxminən 11,9 milyard manat) yatıracağını bildirmişdi. Stansiyanın yaxınlığında ən çox 6 məlumat mərkəzinin tikilməsi nəzərdən keçirilir.
        Nazirlik layihənin elektrik xərclərini azaldacağını, yerli şəbəkəni daha etibarlı edəcəyini və minlərlə birbaşa və dolayı iş yeri yaradacağını gözləyir. “Duane Arnold Energy Center” hökumətin yenidən açmaq istədiyi 3 fəaliyyətsiz atom stansiyasından biridir. Donald Trump ötən il atom enerjisi layihələrini sürətləndirmək üçün bir neçə sərəncam imzalayıb. Sərəncamlardan biri ehtiyatda saxlanılan plutoniumun zərərsizləşdirilməsi planını dayandırıb. Bunun əvəzinə materialın emal edilərək özəl şirkətlərə verilməsi nəzərdə tutulur.
    ABŞ Google üçün atom stansiyasının bərpasına 1,9 milyard dollar ayırdı
        Süni intellekt modellərinin hazırlanması və işlədilməsi məlumat mərkəzlərinin elektrik tələbatını sürətlə artırır. Yeni obyektlərin enerji ehtiyacının 2035-ci ilədək təxminən 3 dəfə artacağı gözlənilir. “Google” istifadə etdiyi enerjini yaşıl və bərpa olunan enerji hesabına kompensasiya etmək hədəfinə 2018 təqvim ili üzrə çatmışdı. Daha sonra şirkət Texasdakı məlumat mərkəzlərindən biri üçün təbii qaz stansiyası ilə razılaşma əldə edib. Atom enerjisi sabit mənbədir və daha az karbon emissiyası yaradır. Bununla belə, nüvə tullantıları problemi qalır.
        “Microsoft”un dəstəklədiyi “Constellation Energy” keçmiş “Three Mile Island Unit 1” reaktorunu 2028-ci ildə bərpa etməyi planlaşdırır. Layihə ötən il 1 milyard dollar (təxminən 1,7 milyard manat) kredit alıb. Reaktorun gücü 835 meqavat olacaq. “Meta” isə 2035-ci ilədək 6,6 giqavat atom enerjisi istehsalını dəstəkləyən razılaşmalar bağlayıb. Şirkət, həmçinin 1,1 giqavat gücündə olan “Clinton Clean Energy Center” stansiyasının təmiz enerji sertifikatlarını alır. “Meta”nın “Hyperion” AI mərkəzinin işləməsi üçün 10 təbii qaz stansiyasına ehtiyac yaranacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...