Accenture Claude AI üçün mərkəzi büdcədən işçiyə ayda 49 manat ayıracaq
Tech-Biznes
17.10.2026
“Accenture” əməkdaşların “Claude Enterprise” istifadəsi üçün mərkəzi büdcədən ayrılan məbləği ayda 29 dollarla (təxminən 49 manat) məhdudlaşdırıb. Yeni qayda 2026-cı ilin oktyabr ayının əvvəlində qüvvəyə minib. Buna səbəb süni intellekt xidmətlərinə çəkilən xərclərin sürətlə artmasıdır. Bəzi əməkdaşların aylıq xərci 1000 dollara (təxminən 1700 manat) çatıb.
Mərkəzi büdcədən hər əməkdaşa ayda 29 dollarlıq “Claude” krediti ayrılacaq. Ancaq bu, sərt limit deyil. Ehtiyac yaranarsa, əlavə xərci komanda və layihə büdcəsindən ödəmək olar. Lisenziyaların bölgüsü vaxtaşırı yenidən yoxlanacaq. Bu zaman biznes prioritetləri, vəzifənin tələbləri, istifadə səviyyəsi və əməkdaşların ehtiyacları nəzərə alınacaq.
Məhdudiyyət əsasən “General” hesablarına aiddir. Xidmətdən daha çox yararlanan bəzi əməkdaşlar limiti aşmaq üçün “Premium” hesabına keçmək istəyir. Lakin bu hesabın həftəlik istifadə limiti 250 dollardır (təxminən 425 manat) və xərci xeyli artırır. Daha yüksək limitə ehtiyacı olan əməkdaşlar əlavə büdcə və ya bahalı hesab üçün razılıq almalıdır.
Əməkdaşlardan birinin sözlərinə görə, “Claude Code” müştərilər üçün hazırlanan süni intellekt layihələrini sürətləndirən sistemdə əsas rol oynayır. Bu alət süni intellektlə kod yazmağa və digər proqramlaşdırma işlərinə kömək edir. “Accenture” hər işə uyğun alət seçməyə çalışdığını deyib. Şirkət həm müştərilərə, həm də öz işinə fayda verən süni intellekt bacarıqlarına sərmayə qoymağa davam edəcəyini vurğulayıb.
Xarici süni intellekt xidmətlərinin bahalaşması yalnız “Accenture” üçün problem deyil. “Meta” və “Microsoft” da son vaxtlar “Claude” istifadəsini azaltmaq üçün oxşar qaydalar tətbiq edib. Hər iki şirkət paralel olaraq öz süni intellekt alətlərinin daxildə daha geniş işlədilməsinə çalışır. “Anthropic” məhdudiyyətlərin gəlirinə necə təsir edə biləcəyi barədə dərhal açıqlama verməyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar