Logo
    main-post-cover

    Apple, Elon Musk-ın App Store ilə bağlı ittihamını təkzib edib

    Tech-Biznes
    13.08.2025
    Emil
         Apple, Elon Musk-ın şirkəti OpenAI məhsullarına üstünlük verməkdə və App Store-da rəqib tətbiqlərin reytinqlərdə yüksəlməsinə imkan verməməkdə ittiham etməsini təkzib edib. iPhone istehsalçısı açıqlamasında bildirib ki, App Store ədalətli və qərəzsiz olmaq üçün hazırlanıb. Apple nümayəndəsi izah edib ki, App Store-da minlərlə tətbiq mövcuddur və bunlar reytinqlər, alqoritmik tövsiyələr və obyektiv meyarlarla seçilmiş ekspert siyahılarına əsaslanır. "Bizim məqsədimiz istifadəçilər üçün təhlükəsiz istifadə mühiti və tərtibatçılar üçün dəyərli imkanlar təqdim etməkdir. Bu da sürətlə inkişaf edən kateqoriyalarda tətbiqlərin görünməsini artırmaq üçün bir çox tərəfdaşla əməkdaşlıq şəklində həyata keçirilir" - deyə Apple nümayəndəsi əlavə edib.
         Süni intellekt şirkəti xAI-nin təsisçisi Elon Musk daha əvvəl Apple-ı açıq şəkildə rəqabət qanunvericiliyini pozmaqda ittiham edib. Musk, xAI-ya məxsus olan Grok adlı süni intellekt botunun tətbiq reytinqinin aşağı salınmasına görə iPhone istehsalçısını məhkəməyə verməklə hədələyib. “O zaman niyə X və ya Grok tətbiqini ‘Tövsiyə olunanlar’ bölməsinə əlavə etməkdən imtina edirsiniz? Axı X dünyada bir nömrəli xəbər tətbiqidir, Grok isə bütün tətbiqlər arasında beşinci yerdədir. Siyasət oynayırsınız? Bunun sizə nə faydası var?” - deyə Musk ona məxsus X sosial şəbəkəsində paylaşım edib. Musk iddialarını sübut edəcək heç bir dəlil təqdim etməyib. Bildirilir ki, bu ilin yanvar ayında Çin mənşəli süni intellekt tətbiqi DeepSeek App Store-un pulsuz tətbiqlər reytinqində birinci yerə yüksəlib və hətta ChatGPT-ni geridə qoyub.
         İyul ayında isə Perplexity tətbiqi Hindistan App Store-un tətbiqlər reytinqində lider olub. Beləliklə, iki süni intellekt tətbiqi Apple-ın OpenAI ilə əməkdaşlıq müqaviləsi imzalamasından sonra da App Store-un müxtəlif reytinqlərində birinci yerə yüksəlməyi bacarıb. OpenAI-nin baş direktoru Sam Altman da Musk-ın ittihamlarına reaksiya verib. O, Musk-ın sözlərini “inanılmaz bir bəyanat” adlandırıb və əlavə edib ki, guya Musk özü ona məxsus şirkətlərin maraqlarına xidmət etmək və rəqiblərinə zərər vurmaq məqsədilə X platformasını manipulyasiya edir. Buna cavab olaraq Musk Altman-ı yalan danışmaqda ittiham edib.
    Paylaş