Logo
    main-post-cover

    Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib

    Tech-Biznes
    12.08.2025
    Emil
         Elon Musk, süni intellekt sahəsindəki startapı xAI tərəfindən hazırlanmış Grok adlı çat-bot tətbiqinin reytinqinin aşağı salınması ilə bağlı Apple-ı antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək şirkəti məhkəməyə verməklə hədələyib. "Apple elə hərəkət edir ki, süni intellekt sahəsində çalışan heç bir şirkət App Store-da birinci yerə çıxa bilmir və bu, antiinhisar qanunvericiliyinin açıq şəkildə pozulmasıdır. xAI şirkəti dərhal məhkəməyə müraciət edəcək" - deyə Musk özünün X sosial şəbəkəsindəki hesabında yazıb. "Niyə X və ya Grok-u 'Tövsiyə edilənlər' bölməsinə əlavə etməkdən imtina edirsiniz, əgər X dünyanın №1 xəbər tətbiqidir, Grok isə bütün tətbiqlər arasında ilk 5-dədir? Siyasətmi oynayırsınız?" - deyə o, digər paylaşımında qeyd edib.
         Keçən il Apple, OpenAI ilə əməkdaşlıq və ChatGPT-nin iPhone, iPad və kompüterlərə inteqrasiyasını elan etmişdi. Həmin vaxt Musk xəbərdarlıq etmişdi: "Əgər Apple, OpenAI-ni əməliyyat sistemi səviyyəsində inteqrasiya etsə, mənim şirkətlərimdə Apple cihazları qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur". Bundan əvvəl Musk, Grok-un Google-u keçərək App Store-un pulsuz tətbiqlər siyahısında 5-ci olmasına sevinmişdi. Məlumata görə, ABŞ bölməsinin ən yaxşı pulsuz tətbiqlər siyahısında lider ChatGPT-dir; “Tövsiyə edilənlər” bölməsində isə ChatGPT yeganə çat-bot olaraq qalır.
         Elon Musk, 2015-ci ildə həmtəsisçisi olduğu və ChatGPT-yə cavabdeh olan OpenAI şirkəti ilə uzunmüddətli münaqişə içindədir. O, 2018-ci ildə şirkətin idarə heyətindən ayrılıb və hazırda şirkəti məhkəməyə verərək iddia edir ki, OpenAI “bütün bəşəriyyətin xeyrinə” süni intellekt hazırlamaq missiyasından imtina edib. Musk-ın Apple-a ünvanladığı hədələrə OpenAI-nin baş direktoru Sam Altman cavab verib: “Eşitdiyimə görə, Elon X platformasında özünü və şirkətlərini üstün tutmaq, həmçinin rəqiblərinə və xoşuna gəlməyən şəxslərə zərər vermək üçün manipulyasiyalar aparır. Bu baxımdan onun bəyanatı diqqətəlayiqdir” - deyə Altman qeyd edib.
    Paylaş