Apple Music görünüşünü yenilədi, brendinə xüsusi səs əlavə etdi
Tech-Biznes
21.10.2026
“Apple Music” yeni vizual kimliyini açıqlayıb. Musiqi xidmətinin loqosu, yazı üslubu və tətbiq nişanı yenilənib. Brend üçün xüsusi səs də hazırlanıb. “Apple” yeni nişanı daha əvvəl “iOS 27.2” sınaq versiyasında, yazı üslubunu isə tanıtım videosunda göstərmişdi. İndi bütün bu elementlər vahid dizaynda birləşdirilib.
Yeni səsi britaniyalı prodüser “Fred Again” və “Nest Acoustics” birgə hazırlayıb. Dizayn səsin görüntü yaratması ideyasına əsaslanır. “Apple”ın məlumatına görə, məqsəd musiqi, əməkdaşlıq və əl əməyini eyni təqdimatda birləşdirmək olub. Loqo real çəkilişlə hazırlanıb, bütün görüntülər birbaşa kamera ilə qeydə alınıb.
Hazırlıq prosesini göstərən videoda nota formalı loqo və “Apple Music” yazısı suyun altında yerləşdirilir. Səs dalğaları suyu hərəkətə gətirdikcə loqo ilə yazının görünüşü də dəyişir. Animasiya sonradan kompüterdə hazırlanmayıb. Əvəzində səsin suya təsiri çəkiliş zamanı qeydə alınıb. Şirkət bunu musiqinin görünən formaya çevrilməsi kimi izah edir.
Yenilənmiş dizaynın müxtəlif platformalarda bu həftə ərzində görünəcəyi gözlənilir. “iOS 27.2” istifadəçiləri yeni görünüşü yeniləmənin gələn həftə planlaşdırılan buraxılışı ilə alacaqlar. Xidmətin aylıq abunəsi 11,99 dollar (təxminən 20 manat)dır. “Apple Music” həmçinin “Apple One” xidmət paketinə daxildir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...