Logo
    Cisco köhnə kodunun 98%-ni 24 ayda yenidən yazmağı mühəndisə tapşırdı

    Cisco köhnə kodunun 98%-ni 24 ayda yenidən yazmağı mühəndisə tapşırdı

    Tech-Biznes
    31.10.2026
        “Cisco”nun prezidenti və məhsullar üzrə baş direktoru Jeetu Patel 27 yaşlı mühəndis Padmanabhan Krishnamurthy qarşısında iddialı hədəf qoyub. Mühəndisin əsas işi şirkətin köhnə proqram kodunun 98%-ni 24 ay ərzində yenidən yazmaq olacaq. Patel bunun üçün ona limitsiz sayda süni intellekt (AI) tokeni ayırıb. Token AI sisteminə göndərilən və sistemdən alınan mətn hissələrinin həcmini ölçür. Limit olmadıqda kod yazan AI alətlərindən daha geniş istifadə etmək olur.
        Krishnamurthy 2023-cü ildə qurulmasına kömək etdiyi “EzDubs” tərcümə startapının keçmiş təsisçilərindən biridir. “Cisco” startapı satın aldıqdan sonra o, şirkətə qoşulub. Rəhbərlik təcrübəsi olsa da, Krishnamurthy şirkət daxilində Pateldən 5 pillə aşağı və strateji baxımdan vacib sayılmayan vəzifədə işləyirdi. Patel bunu öyrənəndən sonra mühəndisi daha vacib layihəyə cəlb etmək qərarına gəlib.
        San-Fransiskodakı ofisdə keçirilən söhbət zamanı Krishnamurthy bu işi cəmi 2 nəfərlik komanda ilə görə biləcəyini deyib. Bu plan hətta şirkətdə süni intellektdən ən fəal yararlanan əməkdaşların yanaşmasından daha cəsarətli olub. İlkin sınaq üçün 4 həftə ayrılıb. Bu müddətdə layihənin praktikada işləyib-işləmədiyi yoxlanacaq.
        Son aylarda AI ilə kod yazmağa maraq kəskin artıb, buna görə proqramçı platformalarının yükü də çoxalıb. “GitHub” tələbatı qarşılamaq üçün əlavə 4 milyon CPU nüvəsini işə salıb və 160 petabayt yaddaş ayırıb. Ancaq sərbəst işləyən AI alətləri bəzən istifadəçinin istəmədiyi addımları ata bilir. Belə hallar zamanı bütöv şirkət məlumat bazalarının, televiziya montajlarının və işlək istehsal sistemlərinin silinməsi kimi problemlər baş verib.
        Süni intellekt başlanğıc səviyyəli iş yerlərinin sayını azaltdığı bir vaxtda Patel gənc əməkdaşlara daha çox səlahiyyət vermək istəyir. O, şirkət daxilində və kənarda oturuşmuş qaydaları sorğulayan, başqa əməkdaşları da hərəkətə gətirən namizədlər axtarır. Patel fərqli nəsillər arasındakı fikir ayrılığını faydalı sayır, amma şəxsi qarşıdurmanı düzgün hesab etmir. Onun fikrincə, təcrübəli mütəxəssislər, kənardan gələn əməkdaşlar, həmçinin AI ilə işləməyə alışmış sahibkar və mühəndislər birlikdə daha yaxşı nəticə göstərə bilərlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...