Disney AI startapının sabiq rəhbərini ilk baş texnologiya direktoru seçdi
Tech-Biznes
18.09.2026
“Disney” tarixində ilk dəfə baş texnologiya direktoru (CTO) təyin edib. Vəzifəyə süni intellekt çatbotları hazırlayan “Character.AI” startapının keçmiş baş direktoru Karandeep Anand gətirilib. Anand birbaşa “Disney”in yeni baş direktoru Josh D'Amaroya hesabat verəcək. O, şirkətin texnoloji infrastrukturu, məhsulları, mühəndislik işləri, məlumat sistemləri və süni intellekt platformaları üzrə komandalarına rəhbərlik edəcək.
Anand əvvəlcə “Character.AI”ın idarə heyətində müşavir olub, 2025-ci ilin mayında baş direktor postuna keçib. O, bu vəzifədə 1 ildən bir qədər çox çalışıb və şirkətin qısa dram videolarına yönəlməsinə rəhbərlik edib. Anand 2015-2021-ci illərdə “Facebook”da, bundan əvvəl isə 15 il “Microsoft”da işləyib.
2021-ci ildə yaradılan “Character.AI”da istifadəçilər süni intellektlə müxtəlif virtual personajlar yarada bilirlər. Daha sonra həmin personajlarla yazışmaq və ünsiyyət qurmaq olur. Ancaq startap işə başladığı vaxtdan bir sıra hüquqi problemlərlə üzləşib. Mübahisələrdən biri “Disney”in müəllif hüquqları ilə bağlı iddiası olub.
“Disney” 2025-ci ilin sentyabrında “Character.AI”a fəaliyyətin dayandırılması tələbi ilə xəbərdarlıq məktubu göndərmişdi. Şirkətin iddiasına görə, platformada onun franşizalarına aid və müəllif hüquqları ilə qorunan personajlar var idi. Buna görə Anandın indi “Disney”də yüksək vəzifəyə gətirilməsi diqqət çəkir. Təyinat “Disney” ilə “OpenAI” arasında tərəfdaşlıq baş tutmadıqdan sonraya təsadüf edir.
“Character.AI” daha ağır ittihamlarla da üzləşib. Şirkət çatbotlarının istifadəçiləri özünə zərər vurmağa və intihara təşviq etdiyi iddiası ilə məhkəməyə verilib. Anandın bu vəzifəyə seçilməsi qərarını martda Bob Igerin yerinə “Disney” rəhbərliyinə keçən Josh D'Amaro verib. Təyinat yeni rəhbərliyin süni intellektə və digər texnologiyalara daha çox diqqət ayıracağını göstərir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...