
GitHub tamamilə Microsoft-un idarəsi altına keçib
Tech-Biznes
12.08.2025
Emil
GitHub-ın baş direktoru Thomas Dohmke şirkətə təxminən 4 il rəhbərlik etdikdən sonra istefa verdiyini elan edib. Məlumata görə, o, Microsoft və GitHub-dan kənarda yeni layihələrə diqqət yetirmək üçün vəzifəsini tərk edir. Eyni zamanda Microsoft GitHub-ın idarəetmə strukturunu dəyişərək baş direktor vəzifəsini ləğv edir və komandanı birbaşa öz süni intellekt bölməsi olan CoreAI-ya tabe edir. İşçilərə göndərilmiş xidməti qeyddə Dohmke bildirib ki, GitHub CoreAI tərkibində öz missiyasını davam etdirəcək və yenidən təşkilatlanmanın detalları sonradan açıqlanacaq. “Mən 2025-ci ilin sonuna qədər şirkətin problemsiz keçidini təmin etmək üçün qalacağam və bütün dünyada distant şəkildə işləməyə yönəlmiş bir təşkilat olaraq əldə etdiyimiz nailiyyətlərdən dərin qürur hissi ilə ayrılıram” - deyə o bildirib.

Microsoft tərəfindən 2018-ci ildə 7.5 milyard dollara alınmış GitHub indiyədək nisbətən müstəqil şirkət kimi fəaliyyət göstərib. Dohmke-nin gedişi platformanın Microsoft ekosisteminə inteqrasiyasında yeni mərhələni əks etdirir. GitHub-a yeni rəhbər təyin etmək əvəzinə, şirkət rəhbərliyi, keçmiş Meta top-meneceri Jay Parikh tərəfindən idarə olunan CoreAI komandasına hesabat verəcək. 2025-ci ilin əvvəlində Microsoft-un tərtibatçılar bölməsinə rəhbərlik edən Julia Liuson Parikh-ə tabe olub ki, bu da əvvəlki GitHub baş direktoru Nat Friedman vəzifədən getdikdən sonra 2021-ci ildən başlayan daha genişmiqyaslı yenidən təşkilatlanmanın bir hissəsi olub.
Thomas Dohmke:

CoreAI - Microsoft-un yeni mühəndislik bölməsidir və həm daxili istifadə, həm də şirkətin müştəriləri üçün proqram həllərinin hazırlanmasına yönəlmiş platformaları və süni intellekt alətlərini özündə birləşdirir. Parikh öz baxışını izah edərkən, CoreAI-nın gələcəyini müəssisələrin Microsoft platforması əsasında öz həllərini yarada biləcəyi “Süni İntellekt agentləri fabriki”nə bənzədib. Bu arada, ötən həftə GitHub Copilot və süni intellekt inkişaflarının perspektivlərini podkastda müzakirə etmiş Dohmke, öz startapını quraraq bu sahədə Microsoft-un yeni rəqibinə çevrilə bilər.
Paylaş