Nvidia, Apple və 4 şirkət Trampın bal zalına 92 milyon dollar verib
Tech-Biznes
15.10.2026
“Nvidia”, “Apple”, “Google”, “Microsoft”, “Amazon” və “Meta” Ağ Evdə Donald Trampın bal zalının tikintisinə ümumilikdə 92 milyon dollar (təxminən 156,4 milyon manat) ayırıb. Silikon vadisi və kripto sənayesindən layihəyə təxminən 150 milyon dollar (255 milyon manat) gəlib. Pullar şirkətlər, ayrı şəxslər və iri şirkətlərlə əlaqəli xeyriyyə qurumları tərəfindən verilib.
Ən böyük məbləği “Nvidia” və “Apple” ayırıb. Hər şirkət tikintiyə 25 milyon dollar (42,5 milyon manat) verib. “Google”un 22 milyon dollarlıq (37,4 milyon manat) ödənişi 2025-ci ildə əldə olunan mübahisəli razılaşmanın bir hissəsi olub. “Palantir” və “Microsoft” da hər biri 10 milyon dollar (17 milyon manat) ayırıb.
“Comcast NBCUniversal” layihəyə 7,5 milyon dollar (təxminən 12,8 milyon manat) verib. “Amazon”, “Meta”, “T-Mobile”, “Cisco” və “Coinbase” şirkətlərinin hər biri 5 milyon dollar (8,5 milyon manat) ayırıb. “Roblox”un baş direktoru David Baszucki də eyni məbləği verib. “Ripple Labs” və “ServiceNow” şirkətlərinin hər biri bal zalının tikintisinə 5 milyon dollar ayırıb.
“Gemini” kriptobirjasının həmtəsisçiləri Tyler və Cameron Winklevoss birlikdə 5,05 milyon dollar (təxminən 8,6 milyon manat) veriblər. “HP” və “Micron” şirkətlərinin hər biri 2,5 milyon dollar (təxminən 4,3 milyon manat) ayırıb. “Salesforce”un payı 2 milyon dollar (3,4 milyon manat) olub. Açıqlanan siyahı texnologiya və kripto sektorundan layihəyə pul ayıranların yalnız bir hissəsini əhatə edir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar