Logo
    NVIDIA və Google AI məlumat mərkəzlərini şəbəkəyə tez qoşmaq üçün birləşdi

    NVIDIA və Google AI məlumat mərkəzlərini şəbəkəyə tez qoşmaq üçün birləşdi

    Tech-Biznes
    17.09.2026
        “NVIDIA”, “Google” və “Emerald AI” çevik süni intellekt (AI) məlumat mərkəzləri üçün “AI Energy Management Alliance” (AEMA) koalisiyasını yaradıblar. Təşəbbüsə görə, enerjiyə tələbatın ən yüksək olduğu saatlarda sərfiyyatı azaldan mərkəzlər elektrik şəbəkəsinə daha tez qoşula bilər. Belə mərkəzlər bəzi hesablamaları başqa vaxta keçirə, batareyalarda yığılan enerjidən yararlana və fövqəladə hallarda istehlakı sürətlə azalda bilərlər.
    NVIDIA və Google AI məlumat mərkəzlərini şəbəkəyə tez qoşmaq üçün birləşdi
        ABŞ-də yeni məlumat mərkəzləri elektrik şəbəkəsinə qoşulmaq üçün 10 il və ya daha çox gözləyə bilir. Çünki şəbəkə tələbatın ən yüksək olduğu vaxtda bütün istehlakçıların enerji ehtiyacını qarşılamağa hazır olmalıdır. Halbuki elektrik şəbəkəsindən orta hesabla cəmi 50 faiz istifadə olunur. Məlumat mərkəzləri ilin ən gərgin saatlarında enerji sərfini azaltsa, mövcud şəbəkədə 100 GVt güc açıla bilər.
        AEMA qısa şəbəkə nasazlıqları, fövqəladə hallar və enerji sərfinin azaldılması üçün ortaq qaydalar hazırlamaq istəyir. Texniki tələblərin, iş göstəricilərinin və əməliyyat məlumatlarının paylaşılması üçün də vahid standartların hazırlanması planlaşdırılır. Bu məqsədlə ehtiyat batareyalarından, obyekt daxilində enerji istehsalından və təcili olmayan hesablamaları dayandıran proqramlardan yararlanmaq olar. Bunun qarşılığında operatorlar məlumat mərkəzlərini şəbəkəyə daha tez qoşa və bəzi xərcləri bölüşə bilərlər.
        Koalisiya yanaşmasını ABŞ ştatlarında və Vaşinqtonda qanunvericilərə göstərməyi planlaşdırır. AEMA enerji sərfini lazım gəldikdə azaltmağı öhdəsinə götürən məlumat mərkəzlərinə daha böyük güc ayrılmasını və onların şəbəkəyə daha tez qoşulmasını istəyir. Ancaq təşəbbüs məlumat mərkəzlərinin yaratdığı çirklənmə və səs-küyü, eləcə də yaxın yaşayış məntəqələrinə təsiri birbaşa həll etmir. Əsas məqsəd elektrik şəbəkəsindəki yükü idarə etməkdir.
    NVIDIA və Google AI məlumat mərkəzlərini şəbəkəyə tez qoşmaq üçün birləşdi
        Digər tərəfdən, “Apple” öz prosessorları əsasında AI serverləri hazırlayır. Şirkət bu serverlər arasında bağlantı üçün “NVIDIA”nın “NVLink Fusion” texnologiyasını nəzərdən keçirir. serverlərin 2029-cu ildə istifadəyə verilməsi gözlənilir. Kiçik sistemdə 2, daha güclü versiyada 4 “M8 Ultra” prosessorunun işlədilməsi müzakirə olunur. Layihə təxminən 1 il əvvəl başlayıb, amma tərəflər əməkdaşlıq ehtimalını hələ təsdiqləməyiblər.
    NVIDIA və Google AI məlumat mərkəzlərini şəbəkəyə tez qoşmaq üçün birləşdi
        “Apple” telefon və kompüterlər üçün çox ağır olan AI tapşırıqlarını artıq “Private Cloud Compute” serverlərində işləyir. Məlumata görə, şirkətin hazırkı daxili bağlantı texnologiyaları böyük sistemlər üçün həm yavaş, həm də bahadır. “NVLink Fusion” məlumat ötürmə qaydalarını, şəbəkə avadanlığını, bağlantı çiplərini və proqramları vahid sistemdə birləşdirir. “Apple”ın “UltraFusion” texnologiyası isə yalnız 2 yüksək səviyyəli prosessoru birləşdirə bilir.
        “Apple” həmçinin 1024 sürətləndiricini birləşdirə bilən UALink standartını hazırlayan konsorsiuma daxildir. Buna baxmayaraq, “NVLink Fusion” serverləri həm eyni sistemdə, həm də böyük qruplar şəklində birləşdirmək üçün daha geniş həll ola bilər. “Apple” və “NVIDIA” keçmişdə qrafik prosessorlar, həmçinin 2007-2008-ci illərdə nasaz çıxan çiplər üzündən ciddi fikir ayrılığı yaşayıblar. Hazırda bəzi “Siri” tapşırıqları “Google Cloud” sistemindəki “NVIDIA Blackwell” prosessorlarında işləyir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...