Logo
    Oracle AI məlumat mərkəzinin layihəçisinə fors-major bildirişi göndərdi

    Oracle AI məlumat mərkəzinin layihəçisinə fors-major bildirişi göndərdi

    Tech-Biznes
    25.09.2026
        “Oracle” Nyu-Meksikoda tikilən “Project Jupiter” məlumat mərkəzi kampusunun layihəçisinə fors-major bildirişi göndərib. Fors-major tərəflərin nəzarətindən kənar hadisələr müqavilə şərtlərinin yerinə yetirilməsinə mane olduqda tətbiq edilir. “Oracle” əsas icarəçi kimi layihədən çıxmaq istəmir. Ancaq kampus 2028-ci ildə işə başlamasa, bu bildiriş şirkətə ödənişləri gecikdirmək hüququ verə bilər.
        “Oracle” hazırda gecikmə gözləmədiyini və “Project Jupiter” layihəsinin plana uyğun irəlilədiyini açıqlayıb. Şirkət Nyu-Meksikodakı layihədən geri çəkilmədiyini də vurğulayıb. Bildirişi alan bölmənin sahibi “Blue Owl Capital” sənədin çoxillik layihə üzrə maliyyə öhdəliklərini dəyişmədiyini deyib. Yəni indiki mərhələdə tikinti dayandırılmır.
        Kampusun tikintisində əsas çətinlik enerji ilə bağlıdır. Gücü 2,45 giqavat olacaq obyekt elektrik enerjisini “Bloom Energy” şirkətinin qazla işləyən yanacaq elementlərindən almalıdır. Buna görə qazın dayanıqlı çatdırılması layihənin vaxtında başa çatması üçün vacibdir. Enerji infrastrukturundakı gecikmələr kampusun 2028-ci ildə açılması planını riskə ata bilər.
        Obyektə qaz çatdırmalı olan “Energy Transfer” boru kəmərinin açılışı təxminən 6 ay gecikərək 1 fevral 2027-ci ilə qalıb. Tənzimləyici qurumlar xəttə bir neçə dəfə icazə vermədikdən sonra marşrut avqustda dəyişdirilib. Kampusa elektrik enerjisi verəcək yanacaq elementi sistemi üçün hava keyfiyyəti icazəsi də hələ alınmayıb. Ştatın ətraf mühit qurumu qərarını 23 noyabradək açıqlamalıdır.
        “Project Jupiter” ABŞ Prezidenti Donald Trampın 2-ci prezidentlik müddətinin əvvəlində elan etdiyi “Stargate” təşəbbüsünün əsas obyektlərindən biridir. “Oracle”, “OpenAI” və “SoftBank”ın qatıldığı bu təşəbbüs süni intellekt sistemləri üçün məlumat mərkəzləri və başqa texniki infrastruktur qurmağa yönəlib. Kampus yerli sakinlərin və ekoloji qrupların etirazı ilə qarşılaşıb, aralıq seçkilər ərəfəsində siyasi mübahisəyə də çevrilib. “Oracle” tənqidləri azaltmaq üçün ştatda ictimai məlumatlandırma kampaniyası aparır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...