Logo
    Süni intellekt tərəfdarı şəbəkənin ödənişləri mübahisə doğurub

    Süni intellekt tərəfdarı şəbəkənin ödənişləri mübahisə doğurub

    Tech-Biznes
    13.10.2026
        ABŞ-də süni intellekti dəstəkləyən “Leading the Future” siyasi şəbəkəsi noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi diqqət çəkib. Şəbəkə süni intellekt sektorunun maraqlarına uyğun namizədləri dəstəkləmək üçün 140 milyon dollardan çox (təxminən 238 milyon manat) toplayıb. Rəsmi sənədlərə görə, bu pulun milyonlarla dolları Nevada ştatında qeydiyyatdan keçmiş 4 müəmmalı şirkətə ödənilib.
    Süni intellekt tərəfdarı şəbəkənin ödənişləri mübahisə doğurub
        “Lantern Production Consultants” ötən ildən bəri “Think Big” adlı super PAC-dan təxminən 20 milyon dollar (34 milyon manat) alıb. Namizədlərdən asılı olmadan siyasi xərclər edən bu qurum ödənişləri sorğular, rəqəmsal reklam, araşdırma və strategiya xidmətləri kimi göstərib. Ancaq şirkətin real ofisi görünmür. Rəsmi ünvan isə Sparks şəhərindəki ticarət mərkəzində yerləşən poçt qutusudur.
        Digər 3 şirkətin ünvanları da adi biznes mərkəzlərinə və poçt xidmətlərinə çıxır. “Summit Ridge Media Group” 2025-ci ilin dekabrından 2026-cı ilin sentyabrınadək “American Mission” qurumundan təxminən 13 milyon dollar (təxminən 22,1 milyon manat) alıb. Şirkətin ünvanı Reno şəhərindəki ticarət mərkəzində olan poçt məntəqəsidir. “Blue Horizon Compliance Consultants” üçün “Staples” mağazasının ünvanı göstərilib. “Prusik Partners” isə salon və manual terapevtin işlədiyi bina ilə eyni ünvanda qeydiyyatdan keçib.
        Seçki maliyyəsinə nəzarət edən təşkilatlar iddia edir ki, bu şirkətlər pulu alan şəxslərin və müəssisələrin kimliyini gizlətmək üçün yaradılmış örtük qurumlardır. “Campaign Legal Center” mayda Federal Seçki Komissiyasına şikayət edib. Təşkilata görə, “Think Big” və “American Mission” federal qanunu pozub. Şikayətdə pulun əslində kimə ödənildiyinin açıqlanmadığı, şirkətlərin də super PAC-ların bir hissəsi kimi işlədiyi yazılıb.
        “Leading the Future” sözçüsü Jesse Hunt şəbəkənin qüvvədə olan bütün qanunlara əməl etdiyini deyib. O, şikayəti “Public First”, “Anthropic” və onlarla əlaqəli qrupların diqqət çəkmək cəhdi adlandırıb. “Public First” şikayətlə heç bir əlaqəsinin olmadığını qəti şəkildə açıqlayıb. “Anthropic” ittihama cavab verməyib.
        Şikayətin yaxın vaxtda araşdırılacağı gözlənilmir. Çünki Federal Seçki Komissiyasında qərar vermək üçün kifayət qədər üzv yoxdur. Komissiyada 6 yer var, qərar üçün isə azı 4 komissar lazımdır. Lakin 2025-ci ilin mayından bəri bu say toplanmayıb. Həmin müddətdə Nevada şirkətlərinə ödənişlər davam edib. Marc Andreessen, Ben Horowitz və “OpenAI” prezidenti Greg Brockman tərəfindən maliyyələşdirilən şəbəkədə “Think Big” əsasən demokratları, “American Mission” isə respublikaçıları dəstəkləyir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...