35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib
Elm & Texnologiya
24.07.2025
Emil
Bir neçə ölkədən olan astronomların, xüsusilə kanadalı alimlərin rəhbərlik etdikləri bir qrup, L 98-59 ulduz sistemində yerləşən beşinci planetin real mövcudluğu ilə bağlı fərziyyəni təsdiqləyib. Alimlər ehtimal edirlər ki, bu ulduz obyektindəki bəzi şərtlər planetin səthində suyun mövcud olmasına ümid etməyə əsas verir və bu da onun yaşanılan ola biləcəyini göstərir. Həmin ulduz sistemi 6 il əvvəl TESS teleskopu vasitəsilə aşkarlanmışdı. Bu sistemin “günəşi” L 98-59 adlı qırmızı cırtdan ulduzdur. Ulduzun ətrafında, ölçüləri demək olar ki, Yerin ölçüləri ilə eyni olan, qaya tərkibli kiçik planetlər fırlanır.
Bugünkü kəşfə qədər bu qırmızı cırtdanın orbitində 4 planet aşkarlanmışdı. Lakin indi mütəxəssislər beşinci planetin - L 98-59 f-in mövcudluğunu təsdiqləyiblər. Bu obyekt siyahıda beşinci olsa da, sonrakı tədqiqatlar üçün ən maraqlı namizəddir. Bunun səbəbi, planetin səthinə düşən günəş enerjisinin Yerə düşən enerji ilə müqayisə olunacaq qədər olmasıdır. Üstəlik, bu qayalı obyekt “yaşayış zonasında” yerləşir - bu, səthində maye halında suyun ola biləcəyi fərz edilən kosmik bir sahədir. L 98-59 f həmçinin həyatın yaranması üçün ikinci mühüm xüsusiyyətə də malikdir - ulduzun ətrafında hərəkət etdiyi orbit demək olar ki, tam dairəvidir.
Paylaş