
3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib
Elm & Texnologiya
18.08.2025
Emil
Berlində mütəxəssislər Monqolustandan olan buddist məktubları bütövlüyünü pozmadan təhlil ediblər. Bunun üçün onlar 3D rentgen və süni intellektdən istifadə ediblər. Əgər bir əşya toxunmaq üçün çox kövrəkdirsə, bu zaman müasir texnologiyalar köməyə gəlir. Məhz bu yanaşma Almaniyadan olan alimlərə qədim buddist mətnləri açmadan öyrənməyə imkan verib. İpək kisəciklərdə saxlanılan və buddist məbədinin içində yerləşən üç kiçik məktub onilliklər ərzində tədqiqata qapalı qalmışdı. Onların mənşəyi Monqolustanın köçəri ənənələri ilə əlaqələndirilir - belə relikviyalar səyahətlər zamanı insanlara yoldaşlıq edirdi. 1921-ci il Monqol İnqilabından sonra bu cür obyektlərin böyük bir hissəsi yoxa çıxmışdı.

Salamat qalan nadir nüsxələrdən biri Berlin Etnologiya Muzeyində saxlanılır. Helmholtz Mərkəzindən olan bir komanda həmin əşyanı 3D rentgen və təcrübi süni intellekt vasitəsilə qeyri-invaziv şəkildə təhlil edib. Məktublar uzunluğu 76 santimetrdən çox olan və təxminən 50 dəfə bükülmüş sıx şəkildə dolanmış lentlərdən ibarət imiş. Kiçik ölçülərinə baxmayaraq, alimlər sanskrit dilində tibet heroqlifləri ilə yazılmış mətni fərqləndirməyi bacarıblar. Oxuna bilən ifadələrdən biri qədim və ən məşhur Tibet buddist mantrası olan «Om mani padme hum» idi. Bu ifadə “Ey, lotus çiçəyi içində parlayan mirvari!” kimi tərcümə olunur. Alimlər vurğulayırlar ki, rentgen tomoqrafiyası metodu effektivdir, lakin çox vaxt tələb edir və hələlik kütləvi istifadəyə hazır deyil.
Paylaş