
5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib
Elm & Texnologiya
22.04.2025
Emil
Çinin CATL şirkəti elektrikli və hibrid nəqliyyat vasitələri üçün batareyaların ən böyük istehsalçısı olaraq qalır və bu ilin ilk 2 ayının nəticələrinə görə o, dünya bazarının 38.2%-nə sahibdir. Şirkət həm litium-ion batareyaların şarj sürətini artırmaq üçün texnologiyalar, həm də sıfırdan aşağı temperaturda, konkret olaraq -40 dərəcə Selsidə belə enerji itirməyən natrium-ion batareyaları təqdim edib. Maye elektrolitə malik litium-ion batareyaların mənfi temperaturları “sevməmələri” səbəbindən, elektrikli avtomobillər qış şəraitində istifadə zamanı təkcə qalan enerji ehtiyatının və yürüş məsafəsinin bir hissəsini itirmir, həm də şarj stansiyalarında yay fəsli ilə müqayisədə nisbətən daha yavaş enerji qəbul edirlər.

Bu problemi aradan qaldırmaq üçün həm bərk elektrolitli litium-ion batareyalar, həm də bir çox şirkətlərin, o cümlədən startapların üzərində işlədikləri natrium-ion batareyalar nəzərdə tutulur. Bloomberg-in məlumatına görə, Şanxayda keçiriləcək böyük avtomobil sərgisindən əvvəl baş tutmuş tədbirdə CATL şirkəti öz perspektivli yenilikləri haqqında danışıb. Ən önəmlisi, Shenxing seriyasına aid litium-ion batareyalar elə təkmilləşdirilib ki, artıq cəmi 5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji ilə doldurula bilir. Bu batareya 0-dan 80%-ə qədər enerjini cəmi 15 dəqiqəyə yığır.

Rəqib şirkət olan BYD isə hazırda yalnız xüsusi yüksək gücə malik ekspress-stansiyalarda 5 dəqiqəyə 400 km-lik enerji doldurmağı təklif edə bilir. CATL ümid edir ki, yenilənmiş Shenxing batareyaları sənaye üçün yeni standart olacaq. Əhəmiyyətli məqamlardan biri də budur ki, təkcə bu il 67-dən çox yeni nəqliyyat vasitəsi modeli bu batareyalardan istifadə etməyə başlayacaq. Bundan əlavə, şirkət Naxtra seriyasına aid natrium-ion batareyalarının hazırlanmasını tamamladığını elan edib. Bu batareyalar həm yüksək, həm də aşağı temperaturda sınaqlar zamanı özlərini əla şəkildə göstəriblər.
Məsələn, -40 dərəcə şaxta şəraitində belə, onlar enerji itirmir - bu isə hazırda geniş istifadə olunan maye elektrolitli litium-ion batareyalarından fərqlənir. CATL hibrid avtomobillər üçün yalnız elektriklə təxminən 200 km yürüş təmin edə biləcək tutumlarda Naxtra batareyalarının istehsalına hazırdır. Tam elektrikli avtomobillər üçün isə bu məsafə 500 km-ə qədər ola bilər. Naxtra seriyasına daxil olan batareyalarda enerji saxlama sıxlığı 175 vatt-saat/kq səviyyəsinə çatır. Natrium-ion batareyalarının vacib üstünlüklərindən biri də onların yanğına qarşı daha yüksək təhlükəsizliyidir.

Üstəlik onlar natrium-litiumdan daha ucuzdur, buna görə də istehsal həcmləri kifayət qədər artırıldığı halda, bu cür batareyalar müəyyən mərhələdə istehsalda daha sərfəli ola bilər. Bazar ertəsi keçirilmiş tədbirdə CATL həmçinin hibrid kimyəvi tərkibə malik batareyaları da nümayiş etdirib. Bu batareyalar bir nəqliyyat vasitəsində müxtəlif tipli batareya özəlliklərinin üstünlüklərini özlərində birləşdirməyə imkan verir. Müəyyən şərtlərdə bu texnologiya 1000 km-ə qədər yürüş məsafəsi təmin edə bilir. CATL-ın bəzi yeniliklərinin aviasiyada da tətbiqi mümkündür. Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu markaya məxsus batareyalarla işləyən elektrik təyyarələri 250 km-ə qədər məsafə qət edə biləcək.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb
Yaponiya şirkəti NTT dünyada ilk dəfə ildırımötürücü qəfəs ilə təchiz olunmuş dron vasitəsilə ildırım zərbəsi yaradıb. Bu yenilik şəhər infrastrukturlarının qorunması üçün istifadə edilə bilər - cihaz göy gurultulu hava şəraitində havaya qalxaraq ildırım boşalmasını özünə çəkəcək və yerə dəyə biləcək zərərlərin qarşısını alacaq.

Elm & Texnologiya
Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq
Xeyli sayda insan xəstəliklər nəticəsində nitq qabiliyyətini itirir, baxmayaraq ki, onların idrak funksiyaları toxunulmaz qalır. Buna görə də süni zəka sahəsindəki irəliləyişlər fonunda bir çox tədqiqatçılar beynə implantasiya edilən çiplərlə neyron şəbəkələrin birləşməsi yolu ilə təbii nitqin sintezinə fokuslanıblar.

Elm & Texnologiya
Aydakı potensial bazanın inşasında robotlar iştirak edəcəklər
NASA və HEBI Robotics şirkəti qüvvələrini birləşdirərək Ayda bazalar inşa edəcək robotlar hazırlayırlar. Bu prosesin artıq 2030-cu ilə qədər gerçəkləşməsi planlaşdırılır. Robotlar insan müdaxiləsi olmadan işləyə biləcəklər.

Elm & Texnologiya
Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib
Çində ilk dəfə olaraq bir şəhər təxminən 10 000 Mbit/s sürətində olan genişzolaqlı internetə keçid edib. Bu uğura paytaxt Pekinin ətrafında yerləşən Syun’an adlı yaşayış məntəqəsi nail olub.

Elm & Texnologiya
Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb
Çin Yer və Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
