
Alimlər 14 qalaktikanı birləşdirən 5.5 milyon işıq ili uzunluqlu kosmik sapı kəşf ediblər
Elm & Texnologiya
27.08.2025
Emil
Alimlər hesab edirlər ki, onlar qalaktikaları kosmik torla birləşdirən ən uzun fırlanan qalaktik sapı kəşf ediblər. Astronomlar lokal kainatı, xüsusən də qalaktikaları birləşdirən iri kosmik strukturları müşahidə ediblər. Nəticədə onlar təxminən 5.5 milyon işıq ili uzunluğunda və 14 qalaktikanı birləşdirən yeni fırlanan qalaktik sap aşkar ediblər. Astronomların fikrincə, bu, indiyə qədər məlum olanlar arasında ən uzun belə qalaktik sapdır. Kainatda məlum olan ən böyük strukturlar qalaktik saplardır, onlar qalaktikalardan ibarət olur və uzunluqları 250 milyon işıq ilindən çox ola bilir. Bu saplar kosmik boşluqlar (void) arasında yerləşir və birlikdə kosmik toru əmələ gətirirlər. Qalaktik saplarda çox isti və seyrək qaz olur, bu qaz qalaktikalara daxil olaraq onların böyüməsinə və təkamülünə şərait yaradır.

Standart kosmoloji modelə görə, kainatın təkamülünü izah edən bu nəzəriyyədə qalaktik saplar qaranlıq materiya axınlarının boyunca formalaşır. Hesab olunur ki, qaranlıq materiya öz cazibə qüvvəsi ilə kosmik toru - kainatın iri miqyaslı strukturunu yaradır. Alimlər deyirlər ki, qalaktik sapların öyrənilməsi kosmik tordakı seyrək qaz ilə bu sapların daxilində yerləşən qalaktikaların həmin qaz hesabına necə böyüdüyü arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edir. Qalaktikaların böyüməsi dedikdə, onların ölçüsünü və kütləsini artıran yeni ulduzların yaranması nəzərdə tutulur. Yeni ulduzların yaranması üçün isə qalaktik qaz vacibdir. Tədqiqat müəllifləri bildirirlər ki, onlar lokal kainatda 14 qalaktikanı birləşdirən yeni bir qalaktik sap aşkar ediblər. Yeni sap təxminən 5.5 milyon işıq ili uzunluğa və təxminən 117 000 işıq ili eninə malikdir.

Tədqiqat həmçinin göstərib ki, aşkar edilmiş qalaktik sap kosmik tor daxilində daha böyük bir strukturun hissəsidir. Onun uzunluğu təxminən 49 milyon işıq ili, eni isə 2.6-3.3 milyon işıq ili olaraq qiymətləndirilir. Xatırladaq ki, 1 işıq ili təxminən 9.6 trilyon kilometrə bərabərdir. Yer ilə Günəş arasındakı məsafə 150 milyon kilometr, Ayadək məsafə isə 400 000 kilometrlik məsafədən azdır. Alimlər müəyyən ediblər ki, yeni qalaktik sapdakı qalaktikalar ilə kosmik tordakı daha iri struktur arasında sıx əlaqə mövcuddur. Astronomlar həmçinin qalaktikaların qalaktik sapın oxu ətrafında fırlandıqlarına dair sübutlar aşkarlayıblar. Beləliklə, alimlərin fikrincə, yeni qalaktik sap məlum oxşar fırlanan strukturlar arasında ən uzunu və kainatdakı ən böyük fırlanan strukturlardan biridir. Tədqiqat həmçinin göstərib ki, qalaktik sap hələ təkamülün erkən mərhələsindədir.
Paylaş