Logo
    main-post-cover

    Alimlər 50 ildən çox çalışa bilən atom batareyası hazırlayıblar

    Elm & Texnologiya
    14.03.2025
    Emil
         Çinin Qansu əyalətində yerləşən Lançjou Şimal-Qərb Pedaqoji Universitetinin alimləri karbon-14 (¹⁴C) izotopu əsasında işləyən atom batareyası hazırladıqlarını elan ediblər. Batareya 50 il müddətində enerji itirmədən işləyə bilir. O, ürək stimulyatorları, kosmik aparatlar və ekstremal şəraitdə işləyən cihazlar üçün nəzərdə tutulub. İstehsalçılar bu batareyanın Çində karbon-14 izotopu ilə işləyən ilk nüvə enerjisi mənbəyi olduğunu bildirirlər. Bu texnologiya ölkədə muxtar enerji mənbələrinin inkişafına ciddi təsir göstərə bilər. Çin uzun müddət karbon-14 izotopunu Kanada, Cənubi Afrika, Avstraliya və Rusiyadan idxal edirdi.
         Lakin keçən il Çin tədqiqatçıları yerli reaktorlardan birində bu izotopun istehsalına başlayıblar. Bu isə ölkənin bahalı xarici alışlardan asılılığını aradan qaldıracaq. Batareyanın maksimal çıxış gücü 433 nanovat təşkil edir. ¹⁴C izotopunun radioaktiv çürüməsi zamanı elektronlar və pozitronlar əmələ gəlir. Elektronlar radioaktiv materialla yarımkeçirici keçidlərin sərhədində tutulur və bu proses nəticəsində elektrik cərəyanı yaranır. Karbon-14 izotopu ölü orqanizmlərdə toplanır və radiokarbon tarixləndirmədə geniş istifadə olunur. Onun yarımparçalanma dövrü 5730 ildir. Hesablamalara görə, Çin istehsalı olan ¹⁴C atom batareyası 50 il işlədikdən sonra gücünün cəmi 5%-ni itirəcək.
         Bu isə onun 100 ildən çox fasiləsiz işləyə biləcəyini göstərir. Bu xüsusiyyət xüsusilə uzaq kosmik missiyalar üçün böyük əhəmiyyət kəsb edir. Alimlər laboratoriya şəraitində atom batareyasının -100 dərəcə Selsi temperaturda soyudulmasını və 200 dərəcə Selsi temperaturda qızdırılmasını sınaqdan keçiriblər. Hər iki halda batareya nominal cərəyan səviyyəsini təmin edərək fasiləsiz işləyib. Sınaqlar zamanı bu enerji mənbəyi dörd aydan çox fasiləsiz olaraq LED lampanı işıqlandırıb. Atom batareyasının hazırlanmasında Beita Pharmatech şirkətinin mütəxəssisləri iştirak ediblər.
         Bu şirkət karbon-14 izotopunu elmi və tibbi məqsədli dərman preparatlarının istehsalında istifadə edir. Bu təcrübəyə əsaslanaraq, universitet əməkdaşları atom batareyalarının sənaye miqyasında istehsalı üçün robotlaşdırılmış istehsal xətti yaratmağı planlaşdırırlar. Karbon-14 izotopu insan üçün nisbətən təhlükəsiz hesab olunur. Bu tip atom batareyaları insan orqanizminə yerləşdirilən implantlar və ürək stimulyatorları üçün ömürlük enerji mənbəyi ola bilər. Müasir enerji mənbələri isə cəmi 15 il işləməyə hesablanıb. Çin alimləri karbon-14 əsasında batareya hazırlamağa çalışan yeganə tədqiqatçılar deyil. 2024-cü ilin sonunda Böyük Britaniya tədqiqatçılarının da oxşar layihə üzərində işlədiyi barədə məlumatlar yayılıb.
    Paylaş
    Bənzər xəbərlər
    beefree-agro-startapi-mal-qaranin-otarilmasi-ve-idare-olunmasi-ucun-dronlarin-istifadesine-start-verib
    Elm & Texnologiya

    BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün dronların istifadəsinə start verib

    İsrailin BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün nəzərdə tutulmuş avtonom uçan dronların istifadəsinə başlayıb. Şirkətin qurucusu Noam Azran bir neçə il boyunca at belində rançolarda mal-qaraya nəzarət edib.
    4-aya-marsa-ucmaq-raketler-ucun-termonuve-muherriki-teqdim-edilib-video
    Elm & Texnologiya

    4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib (VİDEO)

    Böyük Britaniyanın Pulsar Fusion şirkəti nüvə mühərriki ilə işləyən raketini təqdim edib. Bu mühərrik termonüvə sintezi texnologiyasına əsaslanır. Yeni raket Marsa uçuş müddətini iki dəfə azalda və Günəş sisteminin kənarlarına daha sürətli çatmaq imkanını yarada bilər.
    tesla-ve-byd-nin-batareyalari-muqayise-edilib
    Elm & Texnologiya

    Tesla və BYD-nin batareyaları müqayisə edilib

    Almaniyanın Aaxen şəhərində yerləşən RWTH Aachen Texniki Universitetinin tədqiqatçıları Tesla 4680 və BYD Blade batareyalarını hissələrə ayıraraq onları müqayisə ediblər.
    insanabenzer-atlas-robotu-hyundai-sirketinin-zavodunda-ise-baslayib
    Elm & Texnologiya

    İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb

    Təxminən 1 il əvvəl Boston Dynamics şirkəti tam elektriklə işləyən Atlas robotunu təqdim etdi. Bu yeni model, hidravlik sistemli əvvəlki Atlas modelindən daha sürətli, güclü və çevik oldu. 1 il ərzində aparılmış təcrübələr və təlimlər nəticəsində şirkət Atlas üçün ən uyğun iş sahələrindən birini müəyyənləşdirdi.
    cinde-insanlar-ve-robotlar-ucun-marafon-kecirilecek
    Elm & Texnologiya

    Çində insanlar və robotlar üçün marafon keçiriləcək

    Pekində unikal bir yarımarafon keçiriləcək. İnsanlar və humanoid (insanabənzər) robotlar birlikdə 21 km məsafəni qətt edəcəklər. Yarış 13 aprel 2025-ci ildə Beijing E-Town xüsusi iqtisadi zonasında baş tutacaq.