Logo
    main-post-cover

    Alimlər Böyük partlayışa alternativ variant təklif ediblər

    Elm & Texnologiya
    25.06.2025
    Emil
         Alimlər Böyük partlayış nəzəriyyəsinə alternativ variant irəli sürüblər. Fiziklər hesab edirlər ki, bizim kainat daha böyük başqa bir kainatın içində yerləşən nəhəng qara dəliyin daxilində yarana bilərdi. Böyük partlayış nəzəriyyəsi fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması), kainatın genişmiqyaslı strukturu və onun sürətlənən genişlənməsi kimi əsas kosmoloji hadisələri uğurla izah edib. Lakin hələ də qaranlıq enerji və qaranlıq materiyanın izaholunmaz təbiəti, Böyük partlayış anındakı singulyarlıq ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikası arasındakı uyğunsuzluqlar kimi fundamental problemlər qalır. Alimlər hesab edirlər ki, onların irəli sürdükləri nəzəriyyə bu problemləri əlavə naməlum fizika olmadan həll edir. Fiziklər bildirirlər ki, müşahidə etdiyimiz kainat öz qravitasiya radiusunun daxilində yerləşir, bu da o deməkdir ki, xaricdən baxıldıqda o, qara dəlik kimi görünə bilər.
         Bu fikir alimləri belə bir ehtimala gətirib ki, kainat, kütləvi ulduzların qravitasiya ilə sıxılması nəticəsində yaranan qara dəliklər kimi formalaşmış ola bilər. Ümumilikdə qəbul edilənə görə, kainat son dərəcə isti və sıx bir nöqtə - sinqulyarlıqdan başlayıb və Böyük partlayışdan sonra çox qısa zaman ərzində genişlənib. Lakin fiziklər hesab edirlər ki, kainat birbaşa sinqulyarlıqdan başlamamış, əksinə, başqa bir kainatda yerləşən nəhəng materiya buludunun qravitasiya ilə sıxılması nəticəsində meydana gəlmiş ola bilər. Bu proses isə məlum olan fizikanın çərçivəsindən kənara çıxmır. Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, düzgün şərtlər altında materiyanın qravitasiya kollapsı sinqulyarlıqla bitmir, əksinə, yeni bir genişlənmə baş verir. Məhz bu proses Böyük partlayış kimi qəbul edilir. Fiziklər bildirirlər ki, onların nəzəriyyəsi naməlum fizika qanunlarına ehtiyac duymur və qara dəliyin daxilində baş verən qravitasiya sıxılmasını izah edir.
         Kvant mexanikasında iki eyni zərrəcik eyni anda eyni vəziyyətdə ola bilməz və eyni yerdə yerləşə bilməz. Bu prinsip qravitasiya sıxılmasına qarşı çıxan bir növ təzyiq yaradır. Məhz bu təzyiq ulduzların sonsuzadək sıxılmasının və qara dəliyə çevrilməsinin qarşısını alır. Bu zaman onlar neytron ulduzlarına çevrilirlər. Yeni nəzəriyyə isə təklif edir ki, məhz bu kvant effekti bizim kainatımızın yaranmasına səbəb olub. Fiziklərin sözlərinə görə, ehtimal olunur ki, qravitasiya birbaşa zərrəciklərə kütlə verən kvant sahəsi olan Hiqqs sahəsi ilə qarşılıqlı əlaqədə olur. Əgər bu belədirsə, bu qarşılıqlı təsir qravitasiyanın davranışını dəyişə bilər. Məsələn, əgər qravitasiya ilə Hiqqs sahəsi arasındakı qarşılıqlı təsir son dərəcə yüksək enerji sıxlığı şəraitində itələyici xarakter alırsa, bu, qravitasiya sıxılmasına qarşı çıxaraq onu dayandıra bilər.
         Belə olan halda kainat sinqulyarlığa çökmək əvəzinə "geri sıçrayaraq" sıxılmadan genişlənməyə keçə bilər. Fiziklər bildirirlər ki, bu yanaşma qravitasiyanı kvant mexanikası ilə əlaqələndirməyə imkan verir və bunun üçün yeni spekulyativ nəzəriyyələrə ehtiyac yoxdur. Yeni nəzəriyyə kainatın azacıq pozitiv məkan əyriliyinə malik olduğunu və kosmik "geri sıçrayışdan" əvvəl yaranmış ilkin qara dəliklər və ya neytron ulduzları kimi obyektlərin mövcudluğunu proqnozlaşdırır. Tədqiqatın müəllifləri bildirirlər ki, Böyük partlayışın hər şeyin mütləq başlanğıcı olmaması ehtimalı mübahisəli fikirdir, lakin ilkin qara dəliklər və neytron ulduzları kimi obyektlər aşkar edilərsə, bu nəzəriyyəni təsdiqləmək mümkün olar. Fiziklərin fikrincə, əslində bütün kainatımız daha böyük başqa bir kainatda yaranmış nəhəng bir qara dəliyin daxilində yerləşə bilər.
    Mənbə: Space.com
    Paylaş