Logo
    Alimlər dağıntıda insan axtaran və dərman vuran kiborq tarakan yaradıblar

    Alimlər dağıntıda insan axtaran və dərman vuran kiborq tarakan yaradıblar

        Kiçik robotlar fəlakət zonalarında insanlar üçün təhlükəli yerlərə daxil ola bilir. Ancaq daha dar boşluqlarda hərəkət etmək üçün alimlər kiborq tarakan hazırlayıblar. Kvinslend Universiteti və Yeni Cənubi Uels Universitetinin yaratdığı “Paraborg” zərərçəkənləri axtarmaq və onlara ilkin tibbi yardım göstərmək üçün nəzərdə tutulub. Kiçik çiplərlə idarə olunan həşərat dağıntılar arasından keçə, kamera görüntüsü ötürə və dərman vura bilir. Tədqiqatın nəticələri “Advanced Science” jurnalında dərc olunub.
    Alimlər dağıntıda insan axtaran və dərman vuran kiborq tarakan yaradıblar
        Layihədə şimali Kvinslenddə yaşayan nəhəng torpaqqazan tarakandan istifadə edilib. Bu həşəratın uzunluğu 87 millimetrə, çəkisi isə 40 qrama çatır. Tarakan öz çəkisinin 1,5 qatını daşıya bildiyi üçün alimlər onun 2 versiyasını hazırlayıblar. Bunlardan birinə kamera, digərinə isə avtomatik dərman vurma mexanizmi yerləşdirilib. İynə sistemi tarakanın hündürlüyünə təxminən 15 millimetr, çəkisinə isə 17 qram əlavə edib. Buna baxmayaraq, həşəratın hərəkəti nəzərəçarpacaq dərəcədə pisləşməyib. Avadanlıq narkoz altında tarakanın üzərinə bərkidilib. Qurğular çıxarıldıqdan sonra həşəratlar adi həyatlarına davam ediblər.
        Tarakanın bığcıqlarına və qarnının arxasında yerləşən cüt hiss orqanına - serkilərə elektrodlar qoşulub. Bu ucluqlar həşərata zəif elektrik siqnalları göndərib. Hər bığcığa ayrıca siqnal verməklə tarakanın hərəkət istiqaməti dəyişdirilib. Hər 2 serkiyə göndərilən siqnal isə onun yerimə sürətini tənzimləyib. Sınaqlarda 10 Hz ilə 40 Hz arasındakı tezliklərdən istifadə olunub. 50 Hz həddini keçən siqnallar isə bir müddət sonra təsirini itirib.
        İynə qurğusu şprisi hərəkət etdirən kiçik mexanizmdir. Əmr göndərildikdə limon turşusu ilə qida sodasının saxlandığı bölmələr arasındakı möhür açılır. Maddələr qarışdıqda kimyəvi reaksiya baş verir və karbon qazı yaranır. Bu qaz şprisin porşenini irəli itələyərək dərmanın hədəfə vurulmasına imkan verir.
        Sınaq zamanı alimlər tarakanlardan birini başlanğıc nöqtəsindən 3 yoxlama məntəqəsi boyunca uzaqdan idarə ediblər. Daha sonra həşərat imitasiya edilmiş hədəfə iynə vurub. Hədəfə 150 millimetrədək məsafədən vurulan iynələrin uğur göstəricisi təxminən 95 faiz olub. Başlanğıcdan dərmanın vurulmasına qədər yerinə yetirilən bütün tapşırıqlar üzrə ümumi uğur göstəricisi 72 faiz olub. Digər sınaqda kameralı tarakan hədəfi tapıb, iynə qurğusu daşıyan tarakan isə dərmanı vurub.
        Alimlər daha əvvəl şaquli divarlara qalxa bilən kiborq böcəklər də hazırlayıblar. Lakin böyük tarakanlar xüsusi xilasetmə və tibbi avadanlığı daşımaq üçün daha əlverişli hesab olunur. Hazırkı təcrübədə dağıntılar, nahamar səthlər və dəyişən mühit kimi real fəlakət şəraiti sınaqdan keçirilməyib. Kifayət qədər resurs ayrılarsa, belə həşərat dəstələrinin 5 ildən 10 ilədək müddətdə real əməliyyatlarda istifadə oluna biləcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...