Logo
    main-post-cover

    Alimlər ilk insanların nə zaman nitqdən istifadə etdiklərini təyin ediblər

    Elm & Texnologiya
    26.03.2025
    Emil
         Alimlər qədim insanlara aid genetik məlumatları öyrənərək belə nəticəyə gəliblər ki, nitq ən azı 135 min il əvvəl yaranıb. Məhz o dövrdə insanlar ilk dəfə fərqli genetik qruplara bölünüblər. Əgər nitq bu bölünmədən sonra yaranmış olsaydı, bəzi qruplar nitqə qadir olmazdılar. Bu halda ümumiyyətlə danışa bilməyən və ya digər insan qruplarından tamamilə fərqli ünsiyyət sistemindən istifadə edən insan populyasiyaları mövcud olardı. Lakin bütün müasir insan cəmiyyətləri istisnasız olaraq nitq qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, bütün mövcud insan qruplarının ortaq əcdadı artıq danışıq qabiliyyətinə malik olub.
         Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, dilçi Shigeru Miyagawa-nın rəhbərliyi ilə, ilk dəfə olaraq nitqin yaranma tarixini mədəni artefaktlar və ya qalıqlar deyil, genetik analiz əsasında müəyyən ediblər. Onlar son 18 ildə dərc olunmuş 15 genetik araşdırmanın nəticələrini öyrəniblər. Bu tədqiqatlar DNT-dəki variasiyalarla bağlı məlumatlar özündə birləşdirib və insanlığın ilk dəfə genetik cəhətdən fərqli qruplara bölündüyü anı müəyyən etməyə imkan verib. Ən erkən genetik bölünmə təxminən 135 min il əvvəl baş verib. Məhz bu dövrdə hal-hazırda Cənubi Afrikada yaşayan və özünəməxsus “çartıltılı” dillərdə danışan koysan xalqları meydana çıxıb.
         Bu əhali genetik cəhətdən unikal sayılır. Bütün insan qrupları, o cümlədən koysanlar, eyni nitq qabiliyyətinə malik olduğuna görə, tədqiqatçılar belə qənaətə gəliblər ki, dil bu ilk genetik parçalanmadan əvvəl yaranıb. Eyni zamanda tədqiqatın müəllifləri vurğulayırlar ki, danışmaq qabiliyyətinin mövcud olması, insanların dərhal bir-biri ilə sözlərlə ünsiyyət qurmağa başladığı demək deyil. Böyük ehtimalla, dil əvvəlcə daxili düşüncə sistemi kimi yaranıb, daha sonra isə ünsiyyət vasitəsinə çevrilib. Alimlərin fikrincə, insanlar əvvəlcə dili yalnız öz düşüncələrində istifadə ediblər, yalnız sonradan o, sosial alətə çevrilib.
         Nitqin yaranması insan davranışında baş verən digər mühüm dəyişikliklərlə də bağlıdır. Təxminən 100 min il əvvəl mədəni inkişafda kəskin bir sıçrayış baş verib. İnsanlar simvolik əşyalar yaratmağa başlayıblar. Qabıqlardan bəzəklər, oxra üzərində rəsmlər, tovuzquşu yumurtasının qabığında isə həndəsi naxışlar. Bu cür artefaktlar arxeoloqlar tərəfindən, məsələn, Cənubi Afrikadakı Blombos mağarasında aşkarlanıb. Bu tapıntılar göstərir ki, nitq təkcə ünsiyyətə deyil, həm də insanların düşüncəsinə təsir edib və onların dünyanı qavrama tərzini dəyişib.
         Miyagawa qeyd edib ki, insan dili heyvanların ünsiyyət formaları ilə müqayisədə unikal xüsusiyyətə malikdir. İnsan dili sözləri və qrammatik qaydaları əks etdirir. Bu isə mürəkkəb düşüncələri formalaşdırmağa imkan verir. Heyvanlar isə bu dərəcədə mürəkkəb səviyyədə ünsiyyət qura bilmirlər, bu da insana böyük üstünlük qazandırır. Bəzi alimlər dilin tədricən inkişaf etdiyini, digərləri isə nitqin qəfil ortaya çıxdığını düşünürlər. Yeni tədqiqat bu müzakirəni yekunlaşdırmır, sadəcə nitqin minimal yaşını müəyyənləşdirir. Lakin bu genetik məlumatlar sayəsində alimlər nitqin necə yarandığını və insan təkamülünə necə təsir etdiyini anlamağa bir addım da yaxınlaşıblar.
    Mənbə: Zmescience
    Paylaş
    Bənzər xəbərlər
    yer-kuresinin-ehalisi-dusunulduyunden-bir-nece-milyard-daha-cox-ola-biler
    Elm & Texnologiya

    Yer kürəsinin əhalisi düşünüldüyündən bir neçə milyard daha çox ola bilər

    BMT-nin məlumatına görə, dünya əhalisi 8.2 milyard nəfər təşkil edir və bu rəqəm 2080-ci illərin ortalarında 10.3 milyard nəfərlə zirvəyə çatacaq. Lakin bu yalnız təxmini qiymətləndirmədir, çünki dünyadakı bütün insanları dəqiq saymaq mümkün deyil.
    yeni-teleskop-proksikma-sentavr-da-heyatin-olub-olmadigini-10-saata-teyin-ede-bilecek
    Elm & Texnologiya

    Yeni teleskop Proksima Sentavr-da həyatın olub-olmadığını 10 saata təyin edə biləcək

    Çilinin şimalında inşa edilən son dərəcə böyük teleskop, istənilən digər teleskopla müqayisədə 10 qat daha çox işıq toplaya biləcək və Hubble kosmik teleskopundan 16 dəfə daha dəqiq görüntülər əldə edəcək.
    alimler-internetin-kutlesini-olcmeye-calisiblar
    Elm & Texnologiya

    Alimlər internetin kütləsini ölçməyə çalışıblar

    Fiziklər belə bir suala cavab tapmağa çalışıblar. İnternetin çəkisi ola bilərmi? Serverlərin enerjisindən tutmuş, məlumatların DNT-də saxlanması kimi futuristik ideyalara qədər müxtəlif yanaşmalardan istifadə edərək, alimlər ehtimal ediblər ki, internetin kütləsi mikroskopik bir qram hissəsindən tutmuş, hətta bir avtomobildən də ağır ola bilər.
    marsda-qedim-bioloji-heyata-isare-eden-molekullar-askar-edilib
    Elm & Texnologiya

    Marsda qədim bioloji həyata işarə edən molekullar aşkar edilib

    Marsda ilk dəfə ən iri karbon molekulları aşkarlanıb. Bu, böyük ehtimalla planetdə qədim həyatın izləri ola bilər. Alimlər planetimizdəki laboratoriyada Mars şəraitini imitasiya edərək oxşar kimyəvi prosesləri yenidən qurublar və bənzər nəticə əldə ediblər.
    alimler-dayson-sferasinin-insasi-mumkunluyunu-hesablayiblar
    Elm & Texnologiya

    Alimlər Dayson sferasının inşası mümkünlüyünü hesablayıblar

    Günəşin ətrafında yerləşəcək və ulduzun enerjisini bəşəriyyətin ehtiyacları üçün toplayacaq hipotetik Dayson sferası bir gün reallığa çevrilə bilər. Bu gün belə bir layihə fantastik görünür. Lakin enerji heç vaxt artıq olmur - Yer sivilizasiyası artıq bu dərsi öyrənib və yeni enerji mənbələrinə çıxış axtarmağa davam edəcək.