Logo
    main-post-cover

    Alimlər kainatda enerjisini qaranlıq materiyadan alan ilk ulduzları kəşf etmiş ola bilərlər

         Yeni astronomik müşahidələr göstərir ki, kainatdakı ilk ulduzlar termonüvə sintezi ilə enerji alan Günəş kimi adi ulduzlardan kəskin şəkildə fərqlənə bilərmiş. Ehtimal olunur ki, bu ulduzlar “superkütləli qaranlıq ulduzlar” olub və onların enerjisi qaranlıq materiyanın annihilyasiyasından yaranıb. Bu nəhəng hidrogen-helium kürələri həm gözlənilmədən parlaq ilkin qalaktikaların mövcudluğunu, həm də ilk superkütləli qara dəliklərin mənşəyini izah edə bilər. Kainatın erkən dövrlərində, Böyük partlayışdan bir neçə 100 milyon il sonra, nəhəng hidrogen və helium buludlarından ilk ulduzlar yaranıb. James Webb kosmik teleskopu vasitəsilə aparılmış son müşahidələr göstərir ki, bu ulduzların bəziləri astronomlara tanış olan nüvə sintezi ilə işləyən klassik ulduzlardan fərqli ola bilər.
         ABŞ alimlərinin apardıqları yeni tədqiqat nəticəsində 4 son dərəcə uzaq obyekt aşkar edilib və onların xarici görünüşü ilə spektral xüsusiyyətləri superkütləli qaranlıq ulduzların təsvirinə tam uyğun gəlir. Superkütləli qaranlıq ulduzlar əsasən hidrogen və heliumdan ibarət olan nəhəng, son dərəcə parlaq qaz buludlarıdır. Onların qravitasiya kollapsından qorunmasını daxilindəki çox az miqdarda annihilyasiya edən qaranlıq materiya təmin edir. Superkütləli qaranlıq ulduzlar və onların qalıqları olan qara dəliklər müasir astronomiyanın iki böyük sirrinin açarı ola bilər: gözləniləndən daha böyük, son dərəcə parlaq, lakin kompakt və çox uzaqda yerləşən qalaktikaların sirri və ən uzaq müşahidə olunan kvazarları enerji ilə təmin edən superkütləli qara dəliklərin mənşəyi. Hesab edilir ki, qaranlıq materiya kainatın təxminən 1/4-ni təşkil edir, lakin onun təbiəti elmin ən böyük sirlərindən biri olaraq qalır.
         Tədqiqatçılar düşünürlər ki, bu maddə hələ də aşkar olunmamış elementar hissəciklərdən ibarətdir. Onilliklər boyu aparılmış təcrübələr bu hissəciklərin axtarışına həsr olunub, lakin hələlik nəticə əldə olunmayıb. Bu rola əsas namizədlərdən biri isə “vimp” adlanan zəif qarşılıqlı təsirə malik kütləli hissəciklərdir. İki vimpin toqquşması zamanı enerji ayrılması ilə annihilyasiya baş verir və bu enerji kollapsa uğrayan hidrogen buludlarını qızdıraraq onların parlaq qaranlıq ulduz kimi işıq saçmalarına səbəb ola bilər. Böyük partlayışdan bir neçə 100 milyon il sonra “qaranlıq materiya haloları” adlanan sıx bölgələrdə belə ulduzların yaranması üçün ideal şərait mövcud olub. Eyni bölgələrdə ilk adi ulduz nəsli də meydana gəlmiş ola bilər.
         James Webb teleskopunun çəkdiyi görüntüləri təhlil edən alimlər ilk dəfə olaraq superkütləli qaranlıq ulduz namizədlərinə aid spektroskopik siqnallar müşahidə ediblər. Onların sözlərinə görə, Günəşdən milyon dəfə daha böyük kütləyə malik bu cür obyektlərə başqa izah tapmaq çox çətindir. Tədqiqat qrupu ən uzaq 4 astronomik obyektin - JADES-GS-z14-0, JADES-GS-z14-1, JADES-GS-13-0JADES-GS-z11-0 - spektrlərini və morfologiyasını araşdıraraq hər birinin superkütləli qaranlıq ulduz interpretasiyası ilə uyğun gəldiyini müəyyən edib. Superkütləli qaranlıq ulduzların aşkar olunması alimlərə bu obyektlərin müşahidə edilən xüsusiyyətləri əsasında qaranlıq materiya hissəciklərini öyrənmək imkanı yaradardı və qaranlıq materiya ilə qidalanan ulduzların tədqiqinə yönəlmiş yeni bir astronomiya sahəsinin əsasını qoya bilərdi.
    Paylaş