Logo
    main-post-cover

    Alimlər qara dəliyin partlayışını proqnozlaşdırırlar

         Massaçusets Texnologiya Universitetinin fizikləri hesab edirlər ki, qara dəliyin partlayışı bu və ya növbəti onillikdə baş verə bilər. Mütəxəssislər gözləyirlər ki, bu hadisə fizikada inqilab yaradacaq və kainatın tarixini yenidən yazacaq. Alimlərin fikrincə, qara dəliklərin ömrü nadir partlayışlarla sona çatır və onlar 100 000 ildə 1 dəfədən çox baş vermir. Lakin yeni tədqiqatın nəticələri göstərir ki, belə bir partlayışın baş verməsinə çox da qalmamış ola bilər. Tədqiqatçılar komandası hesab edir ki, növbəti belə partlayış bu və ya növbəti onillikdə baş verəcək və bunun ehtimalı 90%-dir. Mütəxəssislər hesab edirlər ki, bu hadisəni qeydə almaq üçün əvvəlcədən kosmik və yerüstü rəsədxanaları hazırlamaq lazımdır. Alimlər ümid edirlər ki, hələ birbaşa müşahidə olunmamış “ilkin qara dəlik” tipli belə bir qara dəliyin mövcudluğunu təsdiqləyə biləcəklər.
         Güman edilir ki, o, 13.8 milyard il əvvəl Böyük partlayışdan cəmi bir saniyədən az sonra meydana çıxmış ola bilər. Belə bir partlayış kainatda mövcud olan bütün subatom hissəciklərinin əhatəli siyahısını təqdim edə bilər. Alimlər elektronlar, kvarklar, Hiqqs bozonları kimi hissəcikləri aşkar edə biləcəklər, lakin ən əsası, qaranlıq materiya hissəcikləri də aşkar oluna bilər. Əvvəllər fiziklər ilkin qara dəliklərin partlayışını görmək şansının çox az olduğunu düşünürdülər. “Biz hesab edirik ki, yaxın 10 ildə ilkin qara dəliklərin partlayışının şahidi olmaq ehtimalı 90%-ə çatır” - deyə araşdırmanın həmmüəlliflərindən biri Aidan Simons bildirib. Tədqiqat zamanı komanda “qaranlıq kvant elektrodinamikası” modelini öyrənib.
         Əslində bu, hamıya tanış olan elektromaqnit qarşılıqlı təsirinin bir nüsxəsidir, lakin model çox ağır fərziyyəvi elektron versiyasını da özündə birləşdirir ki, ona “qaranlıq elektron” da deyilir. Standart qara dəliklərin yükü olmur və güman edilirdi ki, ilkin qara dəliklər də elektrik baxımından neytraldırlar. “Biz başqa fərziyyə irəli sürdük. Göstəririk ki, əgər ilkin qara dəlik kiçik qaranlıq elektrik yükü ilə formalaşırsa, model onun son partlayışdan əvvəl müvəqqəti sabitləşməli olduğunu proqnozlaşdırır” - deyə tədqiqatın həmmüəllifi Michael Baker bildirib. Beləliklə, alimlər ilkin qara dəliyin partlayışını potensial olaraq 100 000 ildən bir deyil, 10 ildən bir müşahidə edə bilərlər. “Biz iddia etmirik ki, bu mütləq bu onillikdə baş verəcək, lakin bunun ehtimalı 90%-dir. Artıq bu partlayışları müşahidə etmək üçün texnologiyalara sahib olduğumuza görə, hazır olmalıyıq” - deyə Baker bildirib.
    Paylaş