Alimlər qeyri-adi planetar sistemi kəşf ediblər
Elm & Texnologiya
28.10.2025
Emil
Beynəlxalq astronomlar qrupu bizdən təxminən 190 işıq ili məsafədə yerləşən TOI-2267 adlı ikiulduzlu sistemdə Yer ölçüsündə 3 planet aşkar edib. Bu kəşf alimlərə ikiulduzlu sistemlərdə planetlərin necə formalaşdığını və sabitliklərini necə qoruduqlarını daha dərindən anlamağa kömək edəcək. Belə sistemlər əvvəllər mürəkkəb planetar strukturların mövcudluğu üçün həddindən artıq qeyri-sabit hesab olunurdu. TOI-2267 bir-birinə yaxın yerləşən və sıx orbitdə bir-birinin ətrafında fırlanan 2 ulduzdan ibarətdir. Bu, adətən planetlərin formalaşması üçün əlverişsiz şərait yaradır. Buna baxmayaraq, astronomlar bu ulduzların ətrafında dar və qısa dövrlü orbitlərdə fırlanan 3 kiçik, qayalı planet aşkar ediblər.
Bu kəşf dinamik cəhətdən qeyri-sabit mühitlərdə planetlərin yaranması ilə bağlı köhnə nəzəriyyələrə meydan oxuyur. “Bizim təhlilimiz planetlərin unikal yerləşimini göstərir: 2 planet bir ulduzun qarşısından keçid edir, üçüncü isə onun yoldaşı olan ulduzun qarşısından. Bu, TOI-2267 sistemini planetlərin hər iki ulduzun qarşısından keçid etdiyi ilk məlum ikiulduzlu sistemə çevirir” - deyə Belçikanın Liege Universitetinin tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Sebastian Zuniga-Fernandez bildirib. Sistem haqqında ilk məlumatlar NASA agentliyinə məxsus TESS kosmik teleskopu tərəfindən təqdim edilib, bu məlumatları isə alimlər SHERLOCK adlı proqram təminatı vasitəsilə müəyyənləşdiriblər.
Müşahidə olunan siqnalların planet mənşəli olduğunu təsdiqləmək üçün isə bir neçə rəsədxananın iştirakı ilə genişmiqyaslı tədqiqat kampaniyası aparılıb. “Bu sistem, qaya planetlərin əvvəlcə sabitliklərinin pozulacağı düşünülən ekstremal dinamik şəraitdə necə formalaşa və mövcud ola biləcəyini anlamaq üçün əsl təbii laboratoriyadır” - deyə tədqiqatçılardan biri olan Francisco Pozuelos bildirib. Astronomların bu kəşfi ikiulduzlu sistemlərdə planetlərin formalaşması ilə bağlı çoxsaylı suallar doğurur və mövcud kosmik teleskoplarla yanaşı, növbəti nəsil nəhəng yerüstü teleskoplar vasitəsilə aparılacaq yeni müşahidələr üçün yol açır. Bu alətlər həmin uzaq planetlərin kütləsini, sıxlığını və hətta atmosfer tərkibini dəqiq ölçməyə imkan verəcək.
Paylaş