
Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
Elm & Texnologiya
23.12.2024
Aslan
Aparılan yeni araşdırma qida allergiyalarına qarşı təbii bir həll yolu təqdim edə bilər. Meyvə və tərəvəzlərdə olan kaempferol adlı flavonoidin qida allergiyalarını azaltma potensialı isə belədir:
Tokio Elm Universitetindən tədqiqatçılar tərəfindən aparılan yeni araşdırma qida allergiyalarına qarşı təbii müalicə ümidi təqdim edir. Alimlər müəyyən ediblər ki, xüsusilə meyvə və tərəvəzlərdə olan kaempferol adlı flavonoid immun sistemin allergik reaksiyalarını əhəmiyyətli dərəcədə azalda bilir. Bu kəşf, dünyada getdikcə yayılmaqda olan qida allergiyaları problemi üçün yeni bir müalicə üsulu ola bilər. Çay, lobya, brokkoli, alma və çiyələk kimi gündəlik istifadə etdiyimiz qidalarda və aloe vera, ikidilim ginkqo və salvia rosmarinus kimi müalicəvi bitkilərdə bol miqdarda olan kaempferol yalnız iltihab əleyhinə xüsusiyyətləri ilə deyil, həm də xərçəng və ürək xəstəlikləri riskini azaltma potensialı ilə diqqət çəkir.

Tədqiqat qrupu laboratoriya şəraitində təxminən 40 müxtəlif flavonoidi tədqiq edərək kaempferolun immunitet sistemində xüsusi bir rola malik olduğunu aşkarlayıb. Xüsusilə dendritik hüceyrələr üzərindəki təsiri diqqətəlayiq tapılıb. Bu hüceyrələr, bağırsaqda qida allergiyalarının inkişafında mühüm rol oynayan immun hüceyrələrdir. Kaempferol, RALDH2 adlı bir fermentin istehsalını artıraraq tənzimləyici T hüceyrələrinin inkişafını stimullaşdırır və beləliklə, allergik reaksiyaları azaldır.

Laboratoriya tədqiqatlarından sonra kaempferolun praktik təsirlərini sınamaq üçün heyvan təcrübələri də aparılıb. Siçanlarda yumurta ağı zülalından istifadə edilərək yaradılmış qida allergiyası modelində kaempferol tətbiqindən sonra allergik simptomlarda əhəmiyyətli azalma müşahidə olunub. Bədən temperaturunun aşağı düşməsi və diareya kimi fiziki əlamətlər xeyli azalıb, immun sistemin tənzimləyici T hüceyrələrinin sayında isə artım qeydə alınıb. Tokio Elm Universitetinin Bioloji Elmlər və Texnologiya Bölməsindən professor Chiharu Nishiyama bu tapıntılarla bağlı ümidverici açıqlamalar verib. O, flavonoidlərin gündəlik qidalanma yolu ilə qəbulunun yalnız allergiyaları deyil, həm də iltihab və autoimmun xəstəliklərini azalda biləcəyini vurğulayıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
