Logo
    Alimlər Yeni Zelandiyada zəlzələləri internet kabeli ilə izləyiblər

    Alimlər Yeni Zelandiyada zəlzələləri internet kabeli ilə izləyiblər

        Sinqapurun “NTU Singapore” universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu Yeni Zelandiyada zəlzələləri internet kabeli ilə izləyib. Alimlər Haast aşırımından keçən yol boyunca uzanan 30 km-lik kabelin optik lifində hər 4 metrdən bir ölçmə aparıblar. Beləcə, kabel boyunca minlərlə ölçmə nöqtəsi virtual sensor kimi işləyib. Sınaq 2023-cü ildə aparılıb və sistem 140 gün ərzində 67 yerli zəlzələni qeydə alıb.
        Tədqiqatçılar “Chorus” telekommunikasiya şirkəti ilə birlikdə kabelin boş qalan optik lifinə qısa lazer siqnalları göndəriblər. Zəlzələ dalğaları şüşə lifi azacıq dartıb sıxanda geri qayıdan işıq da dəyişir. Paylanmış akustik ölçmə adlanan bu üsul işıqdakı dəyişikliklərə baxaraq kabel boyunca titrəyişləri izləməyə əsaslanır. Qeydə alınan zəlzələlərin 16-da dalğaların çatlamış süxurların içindən keçdiyi müşahidə olunub.
        Alimlər həmin dalğalara əsasən Alp qırılmasının daxili quruluşunun modelini hazırlayıblar. Nəticələrə görə, qırılma təxminən 200 metr enində parçalanmış süxur zolağından ibarətdir. Zolağın içində süxurların bir-birinə nisbətən sürüşdüyü 6-dək dar sahə var. Hər sahənin eni təxminən 10 metrdir. Adi seysmometr şəbəkələri zəlzələnin başladığı dərinlikdə bu qədər dar sahələri bir-birindən ayıra bilmir.
        Yeni Zelandiyanın Cənub adasında Avstraliya və Sakit okean tektonik plitələri Alp qırılması boyunca birləşir. Burada son güclü zəlzələ 1717-ci ildə baş verib. 2021-ci il araşdırmasında həmin ildən sonrakı 50 il üçün güclü zəlzələ ehtimalı hesablanıb. Araşdırmaya görə, bu müddətdə maqnitudası 7 və ya daha yüksək zəlzələnin baş vermə ehtimalı təxminən 75%-dir.
        Qırılmanın əsas sürüşmə zonası Martyr çayı yaxınlığındakı döngədən də keçərək təxminən 180 km boyunca kəsilmədən uzanır. Bu, qırılmanın 2 hissəsinin dərinlikdə birləşdiyini göstərir. Modellərə görə, hər iki hissə eyni zəlzələ zamanı qırılarsa, maqnitudanın 8-i keçmə ehtimalı 82%-dir. Nəticə növbəti zəlzələnin nə vaxt baş verə biləcəyi ilə bağlı proqnozu dəyişmir, amma riski daha dəqiq qiymətləndirməyə kömək edir.
        İnternet məlumatı ötürən kabellərlə də zəlzələləri qeydə almaq olur. “Google” ilə işləyən tədqiqatçılar sualtı “Curie” kabelində məlumat daşıyan işıq siqnalının necə dəyişdiyini izləyiblər. Bunun üçün ayrıca optik lifə və ya xüsusi lazerə ehtiyac olmayıb. Dəniz dibində seysmometr quraşdırmaq və ona texniki xidmət göstərmək baha başa gəlir, ona görə də artıq çəkilmiş kabellər daha ucuz seçim ola bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...