Logo
    main-post-cover

    Alimlər Yupiterin nə zaman formalaşdığını meteoritlər vasitəsilə təyin edə biliblər

         Ərimiş süxur damcılarının - meteoritlərdə aşkar edilən kiçik qalıqların - öyrənilməsi və modelləşdirilməsi Günəş sistemindəki ən böyük planetin yaranma vaxtını müəyyən etməyə imkan verib. İlk dəfə astronomlar Günəş sisteminin ən böyük planeti olan Yupiterin yaranma vaxtını müəyyən edə biliblər. Bunun üçün onlar Yerə düşən meteoritlərdə aşkarlanan və xondr adlanan ərimiş süxur damcılarını tədqiq ediblər. Araşdırma göstərib ki, Yupiter çox güman ki, Günəş sisteminin yaranmasından 1.8 milyon il sonra formalaşıb. Araşdırma çərçivəsində aparılan modelləşdirmə göstərib ki, meteoritlərdəki bu ərimiş damcıların yaranma səbəbi sürətlə formalaşan Yupiterin nəhəng cazibə qüvvəsi olub. Təxminən 4.5 milyard il əvvəl Yupiter sürətlə böyüyərək nəhəng ölçülərinə çatıb.
         Onun güclü cazibə qüvvəsi planetesimal adlanan, müasir asteroidləri xatırladan kiçik süxur cisimlərinin orbitlərini pozub. Bu isə onların bir-biri ilə elə yüksək sürətlə toqquşmasına səbəb olub ki, tərkibindəki daş və toz zərbə anında ərimiş, nəticədə ərimiş süxur damcıları - xondrlar - yaranmış və Yerə düşən meteoritlərdə qorunub saxlanmışdır. Alimlərin sözlərinə görə, əvvəlki nəzəriyyələr xondrların xüsusiyyətlərini çox spesifik şərtlər olmadan izah edə bilmirdi, halbuki yeni model göstərir ki, lazım olan şərtlər Günəş sisteminin erkən dövründə, Yupiter formalaşarkən mövcud olub. Alimlər Yupiterin böyüməsini və erkən Günəş sistemində süxur və su ilə zəngin planetesimalların toqquşmalarını təkrar yaratmaq üçün modelləşdirmədən istifadə ediblər.
    Mikroskop altında meteoritdəki xondrlar:
         Modelləşdirmə nəticəsində meteoritlərdə aşkarlanan xüsusiyyətlərə və tərkibə uyğun realistik xondrlar əldə olunub. Araşdırma göstərib ki, toqquşan planetesimallardakı su xondrların formalaşmasında həlledici rol oynayıb. Bu həm də sübut edir ki, xondrların yaranması planetlərin formalaşmasının birbaşa nəticəsi olub. Astronomlar meteoritlərdə tapılan xondrların yaşı ilə modelləşdirilmiş planetesimal toqquşmalarının vaxtını müqayisə edərək Yupiterin yaranma vaxtını dəqiq müəyyən edə biliblər. Alimlərin sözlərinə görə, xondrların yaranma zirvəsi Günəş sisteminin formalaşmasından 1.8 milyon il sonrakı dövrə təsadüf etdiyindən, bu həm də Yupiterin yaranma vaxtıdır.
    Paylaş