Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib
Elm & Texnologiya
20.10.2025
Emil
75 il əvvəl fizik Enrico Fermi belə bir sual vermişdi: bu qədər böyük kainatda biz hələ də ağıllı yadplanetli sivilizasiyanın heç bir izinə niyə rast gəlməmişik? O vaxtdan bəri alimlər bu paradoksa çoxsaylı maraqlı cavablar təklif ediblər. Daha bir cavabı amerikalı alim Robert Corbet irəli sürüb: onun fikrincə, yadplanetlilər bir müddət öz kosmik məkanlarını araşdırıblar, lakin sonradan sadəcə darıxıblar və bu işdən əl çəkiblər. Elə buna görə də onları aşkar etmək çətindir. Ən çox ehtimal edilən variant budur ki, onların texnologiyaları bizimkindən o qədər də irəli deyil, çünki onlar fizikanın yeni qanunlarını kəşf etməyiblər. Bir müddət əvvəl dərc olunmuş məqalədə təsvir edilən ssenari “radikal adilik” prinsipi üzərində qurulub. Bu prinsip, bizim anladığımız səviyyədə olan texnologiyaları mənimsəyən və dərhal kainatda səyahətə başlayan yadplanetlilər ideyasını rədd edir.
Guardian nəşrinin yazdığına görə, bu yanaşmaya əsasən, Süd Yolu çox güman ki, texnologiyaları bizimkindən cüzi dərəcədə üstün olan azsaylı sivilizasiyaların evi ola bilər. “Məsələ ondadır ki, onlar bizdən daha inkişaf etmiş ola bilərlər, amma çox da yox. Bu, iPhone 42-nin iPhone 17 ilə müqayisəsi kimidir” - deyə Merilend Universitetinin əməkdaşı və NASA Goddard Kosmik Uçuşlar Mərkəzinin tədqiqatçısı Corbet bildirib. “Bu, daha inandırıcı və daha təbii görünür, çünki heç bir həddindən artıq fərziyyə tələb etmir”. Corbet bu fərziyyəni Fermi paradoksunu araşdıran alimlərin izahlarını nəzərdən keçirdikdən sonra irəli sürüb. Fermi paradoksu - ağıllı yadplanetli sivilizasiyaların mövcudluğuna dair inandırıcı sübutların olmaması ilə onların böyük və qədim kainatda mövcud olma ehtimalı arasındakı ziddiyyətdir.
Məsələn, bəzi nəzəriyyələrə görə, yadplanetlilər o qədər inkişaf ediblər ki, onları aşkar etmək mümkün deyil. Bəzi izahlarda isə Yer guya yadplanetlilər tərəfindən “tərk edilmiş kosmik zoopark” kimi təsvir olunur. Digərlərinə görə isə, Yer qalaktikada həyat olan yeganə planetdir. Corbet-in fikrincə, bu nəzəriyyələrin çoxu həddindən artıq qeyri-realdır. Ağıllı həyat formalarını axtaran SETI layihəsi kosmosda inkişaf etmiş sivilizasiyaların mövcudluğunu göstərən “texnosiqnaturaları”, yəni texnoloji izləri aşkar etməyə çalışır. Lakin “radikal adilik” prinsipi fərz edir ki, yadplanetlilər texnoloji baxımdan elə bir səviyyəyə çatıb ki, bu səviyyə bizim imkanlarımızdan çox da üstün deyil. Onların nə işıq sürətindən daha tez hərəkət edə bilən kosmik gəmiləri, nə də köstəbək yuvalarından keçmək üsulları var.
Onlar fizikanın yeni qanunlarını da kəşf etməyiblər. Əgər bu belədirsə, onda yadplanetli sivilizasiyalar üçün lazer siqnalları göndərmək çox çətin olardı. Onlar ağıllı həyat axtarışında planetlər arasında məqsədsiz şəkildə səyahət etməzdilər. Qalaktikanı avtomatik kosmik aparatlar vasitəsilə araşdırmaq isə ötürülən məlumatların monotonluğu səbəbindən onları darıxdıra bilərdi, buna görə də, çox güman, kosmik tədqiqatları tamamilə dayandırıblar. Elmi-fantastika yazıçısı Arthur Clarke-a aid edilən məşhur sözlər belədir: “İki ehtimal var: ya biz kainatda təkik, ya da deyilik. Və hər ikisi eyni dərəcədə qorxuludur”. Corbet isə hesab edir ki, həqiqət çox güman, bu iki fikrin ortasında - “daha adi və buna görə də daha az qorxulu bir kainatda” yerləşir. O əlavə edir ki, “əlaqə baş tutsa, bu, bizi bir qədər məyus edə bilər”.
Paylaş