main-post-cover

    Apple iPhone və Mac modellərini fərdi şəkildə təmir etmək istəyənlərə ehtiyat hissələrini satacaq

    Elm & Texnologiya
    18.11.2021
    Farid Pardashunas
        Apple şirkəti Self Service Repair adlı yeni proqramı elan edib. Bu proqram Apple cihazlarını fərdi şəkildə təmir etmək istəyənlər üçün nəzərdə tutulub. Beləliklə elan edilmiş proqram çərçivəsində şirkət iPhone smartfonlarını və Mac kompüterlərini fərdi şəkildə təmir etmək istəyənlərə həmin məhsulların ehtiyat hissələrini satacaq. İlkin mərhələdə iPhone istifadəçiləri şirkətdən ekran, batareya və kamera modullarını ala biləcəklər. Tədricən digər ehtiyat hissələri də satışa çıxarılacaq. Apple şirkətinin bu qərarı fərdi təmir hüququ faktorunun tərəfdarlarının əsl qalibiyyəti hesab etmək olar. ABŞ-da mövcud olan təmir servislərinin sahibləri artıq uzun müddət idi ki, qanunvericiləri yeni normaların əlavə edilməsinə çağırırdılar. Onlar təmir və ehtiyat hissələri məsələsində imkanların genişləndirilməsini istəyirdilər.
        Lakin Apple uzun illər idi ki, istehlakçı məhsullarının fərdi şəkildə təmirinə qarşı çıxırdı. Şirkət bildirirdi ki, fərdi şəkildə təmir çərçivəsində istifadə edilən kənar ehtiyat hissələri məhsulların təhlükəsizliklərinə və performanslarına ciddi zərər vura bilərlər. Qeyd etmək lazımdır ki, şirkət həmçinin aşağı qiymətə başa gələn təmiri özündə birləşdirən AppleCare+ xidmətini də təqdim edir. Beləliklə Apple şirkətinin yeni Self Service Repair proqramı ABŞ-da iPhone 12 iPhone 13 modellərini əhatə edəcək. Müəyyən müddətdən sonra şirkət həmçinin M1 prosessorları vasitəsilə çalışan Mac kompüterləri üçün də ehtiyat hissələrini satmağa başlayacaq. Alıcılar ehtiyat hissələrini Apple şirkətinin saytından sifariş edə biləcəklər. Sifariş olunan müəyyən ehtiyat hissələri ilə birlikdə alıcılar həmçinin həmin ehtiyat hissələrinin cihazlarda quraşdırılmalarına dair müvafiq təlimatları da əldə edəcəklər.
        Artıq istifadə edilmiş ehtiyat hissələrini Apple şirkətinə geri qaytaracaq alıcılar isə növbəti alış-verişlər üçün endirimlər əldə edəcəklər. Çox güman ki, Apple şirkəti ABŞ prezidenti ilə Federal Ticarət Komissiyasının (FTC) bəyanatlarından sonra öz siyasətində dəyişiklik etmək qərarını verib. Belə ki, ABŞ prezidenti qeyd etmişdi ki, onlar təmir hüququ məsələsinə ciddi şəkildə diqqət ayıracaqlar. Joe Biden öz növbəsində FTC-a bu məsələdə xüsusi qaydaların yaradılmasını tapşırmışdı. Həmin qaydalar məhsulların kənar və ya fərdi şəkildə təmirlərini məhdudlaşdıran ədalətsiz və rəqabətə qarşı məhdudiyyətləri aradan qaldırmalıdır. İyul ayında isə FTC məhsulların təmirləri məsələsində məhdudiyyətlərin yumşaldılmasının lehinə səs vermişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər