Logo
    main-post-cover

    Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!

    Elm & Texnologiya
    23.11.2024
    Aslan

         Durham Universitetində çalışan astrofiziklərin yayımladığı məqaləyə əsasən, qalaktikamızda milyardlarla planet olmasına baxmayaraq, yadplanetlilərlə qarşılaşmamağımızın səbəbi onların başqa bir kainatda ola biləcəyidir.

         Kainatımızla bağlı əldə edilən hər yeni məlumat onun genişliyini daha yaxşı anlamağımıza kömək edir. Məlum olan kainatın nəhəngliyi gün keçdikcə daha aydın görünür və təbii olaraq vacib bir sual ortaya çıxır: Bu qədər böyük bir kainatda necə tək ola bilərik? Fermi paradoksundan tutmuş Drake düsturuna qədər bir çox elmi yanaşma, Yerdən kənarda hər hansı bir həyat forması ilə qarşılaşmamağımızın riyazi baxımdan məntiqə uyğun olmadığını göstərir. Bu səbəbdən alimlər illərdir bu maraq doğuran sirri həll etməyə çalışırlar.
         Bu paradoks üzərində düşünən alimlərdən biri, astrofizik Daniele Sorini, bu sualın cavabının çoxsaylı kainat nəzəriyyəsində gizli ola biləcəyini hesab edir. Sorini və Durham Universitetindəki komandası tərəfindən hazırlanmış məqalə Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub. Bu məqaləyə görə, biz yadplanetliləri görə bilmirik, çünki onlar bizim kainatımızda deyillər.
         Sorini və komandası hesab edir ki, Drake düsturu kimi hesablamalara çoxsaylı kainatlar nəzəriyyəsini də daxil etmək lazımdır. Çoxsaylı kainatlarda yaşamaq üçün bizimkindən daha əlverişli şərtlərə malik kainatlar ola bilər. Buna görə də, ehtimal hesablarına əsasən görməyi gözlədiyimiz həyat formalarının bu kainatlarda yaranmış olma ehtimalını nəzərə almalıyıq. Xüsusilə kainatdakı qaranlıq enerji sıxlığına diqqət çəkən araşdırma, tərkibindəki maddəsinin 27%-nin ulduza çevrilməsinə imkan verən qaranlıq enerji sıxlığına malik bir kainatın yeni həyat formalarının yaranması üçün daha əlverişli olduğunu bildirir. Bizim kainatımızda isə bu rəqəm 23%-dir. Buna görə Sorini-dən ötrü bizim kainat, həyat formalarının yaranma ehtimalının nisbətən daha aşağı olduğu kainatlardan biridir.
         Sorini bu ehtimalın Drake düsturuna cavab ola biləcəyini düşünür. Lakin bu məsələdə ona etiraz edəcək çoxlu alim də olacaq. Çünki Drake düsturu, kainatımızda hazırda mövcud olan şərtləri və Günəşə bənzər ulduzları nəzərə alaraq bu şərtlər altında daha çox həyat forması yaranmalı olduğunu göstərir. Kosmik teleskoplar vasitəsilə aparılan müşahidələrə əsasən, Günəşə bənzər ulduzların ətrafında həyat üçün əlverişli zonalarda Yerdəki kimi 40 milyard planet mövcuddur. Üstəlik, bu yalnız Süd Yolu qalaktikasındakılardır.
    Paylaş