Astronomlar ağ cırtdan ətrafında 2 halqalı dağıntı diski aşkarlayıb
Elm & Texnologiya
01.11.2026
Astronomlar Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu ilə Yerdən təxminən 1600 işıq ili uzaqdakı “J1328−1450” adlı ağ cırtdanın ətrafında qeyri-adi dağıntı diski aşkarlayıblar. Ağ cırtdan yanacağı tükənmiş ulduzdan qalan sıx nüvədir. Müşahidələrə görə, qaz və tozdan yaranan disk aralarında boşluq olan 2 aydın halqaya bölünüb.
Alimlər diskin vaxtilə bu ulduzun ətrafında dövr edən planet sistemindən qaldığını düşünürlər. Ulduz qırmızı nəhəngə çevrilərək böyüyəndə bəzi planetləri məhv etmiş, digər qayalı cisimləri isə ağır şəraitdə qoymuş ola bilər. Daha sonra xarici qatlarını itirərək ağ cırtdana çevrilib. Parçalanan cisimlərdən ayrılan maddənin bir hissəsi ulduzun ətrafında indiki qaz və toz diskini yaradıb.
Oxşar proses təxminən 5 milyard ildən sonra Günəş sistemində də baş verə bilər. Yanacağı tükənən Günəş qırmızı nəhəngə çevrilərək böyüyəcək və yaxın planetləri uda bilər. Ardınca xarici qatlarını atacaq, geridə ağ cırtdan qalacaq. Bu dəyişiklikdən sağ çıxan qayalı cisimlər parçalansa, Günəşin qalığı ətrafında “J1328−1450” sistemindəkina bənzər dağıntı diski yarana bilər.
Diskdəki 2 ayrı halqa sistemdə hələ aşkarlanmayan planet cisimlərinin qaldığı ehtimalını artırır. Müşahidələr ulduzun dəyişməsindən sonra ən azı 2 belə cismin sağ qaldığını göstərir. Astronomlar onları birbaşa görməyiblər. Ancaq bu cisimlərin qaz və toza təsiri halqalar arasındakı boşluğu izah edə bilər. Buna görə halqaların quruluşu görünməyən obyektlərin varlığına dolayı işarə sayılır.
Həmin cisimlərin ölçüləri xeyli fərqli ola bilər. Ağ cırtdana yaxın cismin diametrinin cəmi bir neçə kilometr olduğu düşünülür. Uzaqdakı cismin ölçüsü Plutona və ya Aya çata bilər. Bununla belə, söhbətin 2 ayrı obyektdən getdiyi hələ təsdiqlənməyib. Başqa izaha görə, halqalar planetə bənzər tək cismin qabıq və nüvə kimi fərqli hissələrindən ayrılan maddələrdən yaranıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...