
Ayın cənub qütbünün fotosu çəkilib
Elm & Texnologiya
26.05.2025
Emil
Yaponiyaya məxsus Resilience adlı özəl kosmik zond Ayın cənub qütbünün keyfiyyətli fotosunu çəkib və onu Yerə göndərib. Foto Tokioda yerləşən ispace şirkəti tərəfindən sosial şəbəkə X-də yayımlanıb. Bu şirkət kosmik aparatın hazırlayıcısıdır və Ayın səthinə eniş cəhdi nəzərdə tutulan missiya çərçivəsində onun idarəsini həyata keçirir. Şirkətin planlarına əsasən, eniş 5 iyun tarixində baş tutmalıdır. “Resilience bu fotonu Ay orbitindən çəkərək Ay səthinin çoxsaylı geoloji xüsusiyyətlərinin qeyri-bərabər relyefini əks etdirib (bəzi insanların fikrincə, bu görüntü uzaqdan pendiri xatırladır!). Bəzi insanlar üçün bu təsvir optik illüziya yaradır - baxmayaraq ki, şəkildə çökək kraterlər var, bu bucaqdan onlar qabarıq kimi görünə bilər. Siz nə görürsünüz: Kraterlər, yoxsa qabarıqlıq?” - deyə Ayın fotosunu müşayiət edən ispace şirkətinin açıqlamasında bildirilib.

Xatırladaq ki, Resilience modulu 15 yanvar tarixində kosmosa göndərilib. Bunun üçün SpaceX şirkətinin Falcon 9 raketindən istifadə olunub. Həmin buraxılışda Resilience ilə birlikdə Firefly Aerospace şirkətinə məxsus özəl kosmik aparat olan Blue Ghost da uçuşa çıxıb. Blue Ghost artıq 2 mart tarixində Ayın səthinə uğurlu eniş edərək tarixdə bu nailiyyəti əldə etmiş ikinci özəl aparat olub. Resilience fərqli bir trayektoriya ilə hərəkət etdiyi üçün yalnız 6 mayda Ay orbitinə çatıb. Yapon aparatının 5 iyun tarixində Ayın şimal yarımkürəsində yerləşən və vulkanik düzənlik olan Soyuq Dəniz ərazisində eniş etməsi planlaşdırılır. Əgər missiya uğurla başa çatarsa, bu yalnız ispace üçün deyil, ümumilikdə Yaponiya üçün də böyük uğur olacaq.
Çünki ölkənin indiyə qədər Ay səthinə uğurlu eniş etmiş yalnız bir aparatı olub. Bu uğur 2024-cü ilin yanvarında Smart Lander for Investigating Moon (SLIM) adlı aparat tərəfindən əldə edilib. Qeyd edək ki, Resilience ispace şirkətinin Ay üçün hazırladığı ikinci kosmik aparatdır. Bu tip ilk modul 2023-cü ilin mart ayında Aya çatmışdı, lakin eniş zamanı kraterin kənarına ilişərək qəzaya uğramışdı. Resilience aparatına gəldikdə isə, onun üzərində 5 elmi cihaz yerləşdirilib, onlardan biri mini ölçüdə olan Tenacious adlı aparatdır. Təkərlə hərəkət edən bu kiçik aparat ispace-in Avropa bölməsi tərəfindən hazırlanıb və ABŞ-ın NASA agentliyi ilə 2020-ci ildə imzalanmış müqavilə çərçivəsində Ay torpağından nümunələr toplamağa çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
