Logo
    main-post-cover

    Ayın qaranlıq tərəfindən əldə edilmiş nümunələr gözlənilməz nüansları ortaya çıxarıblar

         Çinin “Chang’e-6” missiyası - Ayın qaranlıq tərəfindən nümunələr gətirən ilk beynəlxalq ekspedisiya - artıq tarixə düşüb. İndi isə alimlərin bu unikal materiallar üzərində apardıqları tədqiqatlar, əvvəllər yer elminə tamamilə naməlum olan yeni məlumatları üzə çıxarır. İlk araşdırmalar göstərib ki, Ayın bu unikal süxurları təkcə onun geoloji tarixinin bilinməyən səhifələrini açmır, həm də Günəş sisteminin erkən tarixi haqqında yeni məlumatlar verir və eyni zamanda Yer üzündə suyun yaranma mənşəyinə dair ehtimalları gücləndirir. “Chang’e-6” eniş modulunun eniş nöqtəsi, Ayın qaranlıq tərəfində yerləşən nəhəng Cənub qütbü-Aitken hövzəsindəki Apollo adlı böyük kraterin içərisində seçilmişdi. Bu yer meteoritlərin toqquşması nəticəsində Ay səthinə düşmüş qalıqları, həmçinin qabıq və mantiya dərinliklərindən çıxmış süxurları toplamaq üçün ideal sahə hesab olunur.
         Ayda qazma işləri hələlik insanlıq üçün mümkün deyil, buna görə alimlər təbiətin özü tərəfindən “üzə çıxarılan” materiallarla işləməyə məcburdurlar. Çin Elmlər Akademiyasının alimlər qrupu tərəfindən aparılmış yeni bir tədqiqatda, Ayın qaranlıq tərəfindən gətirilmiş 5000 fraqmentin araşdırılmasından sonra gözlənilməz bir nəticə əldə olunub. Tədqiqat zamanı əsas diqqət olivin adlı silikat mineralına yönəldilib. Bu mineral maqnezium və dəmir birləşmələrindən ibarətdir və adətən vulkanik süxurlarda, zərbə nəticəsində ərimiş materiallarda və meteoritlərdə rast gəlinir. Alimlər səthi elektron mikroskopiyası, elektron zond mikrotəhlili və ikincidərəcəli ion kütlə spektrometriyası kimi üsullardan istifadə edərək olivin tərkibli bir neçə fraqmenti daha dərindən analiz üçün seçiblər. Nəticələr isə həqiqətən sensasiyalı olub: olivin tərkibli 7 fraqmentin kimyəvi tərkibi, CI-xondritlərdəki minerallarla - yəni ilk dəfə tapıldığı yerin adı ilə adlandırılan Ivuna tipli karbonlu xondritlərlə tam eyni çıxıb.
    Nümunələrdəki olivin:
         Bu fraqmentlər porfir quruluşuna malikdir - olivin kristalları şüşəvari matrisin içində yerləşir. Bu, onların meteorit toqquşması nəticəsində sürətlə əridiyini və sonra bərkiyini göstərir. Aparılmış kimyəvi və izotop analizləri (dəmirin manqanla nisbəti, nikel oksidi, xrom oksidi, həmçinin oksigen və silisium izotoplarının müqayisəsi daxil olmaqla) bu nümunələrin nə Ayda, nə də Yerdə məlum olan süxurlarla uyğun gəlmədiyini sübut edib. Bu isə o deməkdir ki, həmin material kosmosdan Ay səthinə gətirilib. Nümunələrdəki maddələrin nisbəti CI-xondritlərin tərkibi ilə tam uyğun gəlib. Bu cür meteoritlər bir vaxtlar Ayla toqquşaraq zərbə nəticəsində ərimiş, lakin kimyəvi tərkiblərini milyardlarla il ərzində qoruyub saxlamışlar. CI-xondritlər - su və uçucu maddələrlə ən zəngin meteoritlərdir. Onların tərkibində 20%-ə qədər hidratlaşmış minerallar olur. Bu süxurlar məsaməli, “nəm”, yumşaq və kövrək quruluşa malikdirlər. Elə bu xüsusiyyətlərinə görə də, onlar adətən Yer atmosferinə daxil olduqda salamat qalmırlar.
         Yer üzərində tapılmış bütün meteoritlər arasında CI-xondritlərin payı 1%-dən azdır. Bundan başqa, Ayda atmosferin olmaması səbəbindən yüksək sürətli toqquşmalar zamanı belə kövrək materialların salamat qalması da əvvəlcədən gözlənilmirdi. Bu səbəbdən bu kəşf Ayda CI-xondrit fraqmentlərinin tarixdə ilk dəfə elmi şəkildə təsdiqlənmiş aşkarı hesab olunur. Aydındır ki, Günəş sisteminin ilkin mərhələlərində CI-xondritlər Ay səthinə intensiv şəkildə çırpılmış və həmin toqquşmaların fraqmentləri reqolitdə (Ay torpağında) günümüzə qədər qorunub. Yerdən fərqli olaraq, Ayda atmosferin olmaması, ehtimal ki, bu kövrək materialların daha yaxşı qorunmasına şərait yaradıb. Aparılmış analizlər göstərir ki, CI-xondritlər Ay meteorit kolleksiyasının təxminən 30%-ni təşkil edə bilər. Bu cür meteoritlərin tərkibi Ryuqu Bennu kimi asteroidlərin süxurları ilə oxşardır. Məhz bu cür cisimlərin erkən Yer və Aya su və uçucu maddələri gətirdikləri ehtimal olunur. Beləliklə, bu nəticələr Yer üzündə suyun mənşəyi barədə suala daha geniş və elmi əsaslı cavab verir.
    Paylaş