Logo
    main-post-cover

    Bəzi bakteriyalar hətta ölümdən sonra da "yaşaya" bilirlər

    Elm & Texnologiya
    11.03.2025
    Emil
         Bəzi bakteriya növləri hətta ölümdən sonra qonşu hüceyrələrə kömək etməyin yolunu tapıblar. Onlar öldükdən sonra “qidalandırıcı ziyafət” miras qoyurlar. Bu qida maddələri digər bakteriyalar tərəfindən istifadə edilərək onların sağ qalmasına və böyüməsinə kömək edir. Bu kəşf Böyük Britaniyanın Durham Universitetinin alimləri tərəfindən edilib. Tədqiqatçılar yalnız bir növ mikroorqanizmi - Escherichia coli (E. coli) bakteriyalarının koloniyalarını müşahidə ediblər. Bununla belə, alimlər əldə olunan nəticələrin digər bakteriya növlərinə, hətta bəzi orqanizmlərə də tətbiq oluna biləcəyini düşünürlər. Alimlər tədqiqatlarında vizuallaşdırma üsullarını, statistik təhlili və bakteriyaların böyümə ölçmələrini birləşdiriblər.
         Nəticədə, Lon-proteaza adlı fermentin varlığını müəyyən ediblər. Bu ferment zülalları parçalayaraq onları daha sadə peptidlərə çevirir və digər hüceyrələr üçün istifadəyə yararlı hala gətirir. Əvvəllər Lon-proteaza fermentinin zülalları parçalama və tənzimləmə funksiyası məlum idi. Lakin bu, ilk dəfədir ki, alimlər onun hüceyrə öldükdən sonra da aktiv qaldığını müşahidə ediblər. Bu isə fermentin yalnız onu istehsal edən fərdi bakteriyaya deyil, ətrafdakı digər bakteriyalara da fayda verdiyini göstərir. Tədqiqat müəllifləri bildiriblər ki, onların kəşfi ölüm sonrası gözlənilməz biokimyəvi prosesləri üzə çıxarır və qida maddələrinin emalı ilə bağlı anlayışımızı yenidən formalaşdırır.
         Tədqiqat qrupu Lon-proteaza fermentini kodlaşdıran geni çıxararaq bakteriya nümunələri yaratmışdır. Bu testlər göstərib ki, Lon-proteaza fermenti bakteriyaların ölümündən sonra bu prosesin baş verməsi üçün həlledici rol oynayır. Lakin maraqlı bir məqam da var. Lon-proteazası olmayan bakteriyalar da parçalanmış qida maddələrindən faydalanır. Bu, o deməkdir ki, bakteriyalar fermenti özləri istehsal etməsələr belə, digər ölü bakteriyaların buraxdıqları qida resurslarından istifadə edə bilirlər. Bu proses nəyi göstərir? Bu, bakteriyalar arasında sosial kooperativ adaptasiya nümunəsidir. Bakteriyalar təkcə öz sağ qalmalarına deyil, həm də ölümündən sonra klonlarının yaşamasına kömək edəcək şəkildə təkamül ediblər.
         Durham Universitetinin biokimyaçısı, tədqiqatın həmmüəllifi Martin Cann bildirib:"Bu proseslər hüceyrə ölümündən sonra da davam edir və məhz bu məqsədlə təkamül edib". Bu ideyanın daha da inkişaf etdirilə biləcəyi ehtimal edilir. Yaşıl yosunlar və tökülmüş yarpaqlar üzərində aparılmış araşdırmalar göstərib ki, digər orqanizmlər də bənzər xüsusiyyətlərə malik ola bilərlər. Onlar müəyyən bir şəkildə ölür və çürüyür ki, bu da ətraf mühitə kömək edir. Bakteriyalar, insan kimi ailələrinə ev və ya maddi irs qoya bilməsələr də, öz icmalarına töhfə vermək üçün proqramlaşdırılıblar. Tədqiqat müəllifləri bildiriblər ki, bu ideyanın tam başa düşülməsi üçün əlavə araşdırmalar tələb olunur. Gələcəkdə insanlar bu ölüm sonrası proseslərin bəzilərinə nəzarət edə biləcək texnologiyalar inkişaf etdirə bilərlər.
    Mənbə: Science Alert
    Paylaş
    Bənzər xəbərlər
    eynsteynin-umumi-nisbilik-nezeriyyesi-ve-kvant-mexanikasini-birlesdire-bilecek-yeni-nezeriyye-teqdim-edilib
    Elm & Texnologiya

    Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirə biləcək yeni nəzəriyyə təqdim edilib

    Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər.
    parkinson-xesteliyini-kok-huceyreleri-vasitesile-mualice-etmeye-baslayiblar
    Elm & Texnologiya

    Parkinson xəstəliyini kök hüceyrələri vasitəsilə müalicə etməyə başlayıblar

    ABŞ alimləri, xəstələrin öz proqramlaşdırılmış kök hüceyrələrindən istifadə etməklə zədələnmiş dopamin neyronlarını əvəz etməyə yönəlmiş klinik tədqiqat mərhələsinə start verdiklərini açıqlayıblar.
    qara-deliklerin-daxilinde-bizim-dusunduyumuz-anlayis-olmaya-biler
    Elm & Texnologiya

    Qara dəliklərin daxilində bizim düşündüyümüz anlayış olmaya bilər

    Kvant mexanikasına görə qara dəliklərin sinqulyarlığı mövcud olmamalıdır. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənliklərində edilən dəyişikliklər qara dəliyin daxili strukturunu daha yaxşı izah edə bilər.
    ayda-suyun-elde-edilmesi-dusunulduyunden-daha-asan-ola-biler
    Elm & Texnologiya

    Ayda suyun əldə edilməsi düşünüldüyündən daha asan ola bilər

    Alimlər hesab edirlər ki, gələcəkdə Aya uçacaq astronavtlar suyu gözləniləndən daha asan əldə edə biləcəklər. Bu kəşf, pilotlu missiyaların Yer təchizatından asılılığını azaltmağa kömək edə bilər.
    sud-yolu-qalaktikasinin-yaxinliginda-superkutleli-qara-delik-ola-biler
    Elm & Texnologiya

    Süd Yolu qalaktikasının yaxınlığında superkütləli qara dəlik ola bilər

    Astronomlar hesab edirlər ki, Böyük Magellan Buludunun mərkəzində nəhəng bir superkütləli qara dəlik gizlənir və ətrafındakı materiyanı udur.